ABŞ seçkilərində qalib gələn respublikaçı Donald Tramp Ukraynanı Rusiya ilə danışıqlara başlamağa məcbur edə bilər. Lakin Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşması asan olmayacaq.
Bu barədə beynəlxalq münasibətlər üzrə ekspert, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin dosenti Jil-Emmanuel Jake Rusiya mediasına müsahibəsində bildirib.
“Çox güman ki, Tramp Kiyev hökumətinə hərbi yardımı azaltmaqla və ya bu cür yardımları dayandırmaq hədəsi ilə Ukraynanı Rusiya ilə danışıqlara məcbur edəcək”, -o vurğulayıb.
Eyni zamanda, analitikin fikrincə, Trampın Rusiyaya güzəştə getməsi asan olmayacaq. Çünki o, ABŞ-də ictimaiyyətin gözündə nüfuzunu qoruyub saxlamağa çalışacaq.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.