2025-ci il yanvarın 20-də rəsmi olaraq vəzifəyə başlayan ABŞ prezidenti Donald Tramp BRİKS üzvü olan ölkələri onlara qarşı ticarət tarifləri tətbiq etməklə hədələyib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Amerikanın yeni lideri müvafiq bəyanatla andiçmə mərasimindən sonra bir sıra fərmanlar imzalayarkən çıxış edib. Həmin bəyanatlar Ağ Evdən verilib.
“Biz onların ABŞ ilə birgə etdikləri işlərə ən azı 100% tariflər tətbiq edəcəyik. BRİKS-in nə olduğunu siz də bilirsiniz, elə deyilmi?”, respublikaçı qeyd edib.
O əlavə edib ki, əvvəllər bu təşkilata üzv olan ölkələrə ticarət rüsumlarının tətbiqi niyyəti barədə xəbərdarlıq edib. Donald Tramp deyib ki, o, “BRİKS-ə seçim şansı buraxmaq fikrində deyil”. Eyni zamanda Amerika lideri səhvən İspaniyanı BRİKS-in üzvü adlandırıb.
Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir.
Dünən isə ABŞ-nin 47-ci prezidenti and içərək vəzifəsinin icrasına başlayıb. Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotundada 40 ildən sonra ilk dəfə baş tutub. Respublikaçı siyasətçi Konstitusiyaya və iki İncil kitabına əlini qoyaraq and içib.
Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
Tural