“TikTok“dan istifadə edənlərin NƏZƏRİNƏ: Bu şəxslər CƏRİMƏLƏNƏCƏK

“TikTok“dan istifadə edənlərin NƏZƏRİNƏ:  Bu şəxslər CƏRİMƏLƏNƏCƏK
17 Apr 2024 19:31

Demək olar ki, bütün sosial şəbəkələrdə reklam yerləşdirmək funksiyası mövcuddur. Bundan əvvəllər daha çox biznes sahibləri istifadə edirdilərsə, hazırdı siravi şəxslər də istədikləri məqsədlər üçün istifadə edə bilirlər. Bu isə sosial şəbəkələrdə qeyri-etik reklamların yayılmasına gətirib çıxarır, hətta belə reklamlarda xüsusi diqqət çəkə bilmək üçün açıq-saçıq geyimlərdə olan qadınlardan istifadə olunur.

Son günlər, xüsusilə, “TikTok” sosial şəbəkəsində daha çox rast gəlinan açıq-saçıq geyimlərdə olan qadınlar tərəfindən hansısa məhsulların və ya xidmətlərin təqdim olunması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Şərhlərdən də görə bilərik ki, vətəndaşlar belə paylaşımların məqsədli şəkildə olduğunu düşünür və buna etiraz edirlər. Belə paylaşımların cəmiyyətin etikasına böyük təsiri olduğunu deyirlər. 

Sosial şəbəkələrdə yayılan belə reklamlara nəzarət olunurmu? Qanunvericilikdə bu haqda nə deyilir?

Hüquqşünas Ramil Süleymanov açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının “Reklam haqqında” qanunun tələblərinə görə, şəxslər tərəfindən əxlaqa zidd olan reklamların edilməsinə icazə verilmir.

 

“Bildiyiniz kimi, Azərbaycan Respublikasında bu gün fahişəlik gəlir əldə etmək üçün fəaliyyət siyahısında yoxdur. Bu əməl Azərbaycanda qadağan olunmuşdur. Lakin buna baxmayaraq belə reklamalrı edən, hətta imtim münasibət təklif edən profillər, təəssüf ki, mövcuddur. Bəzi profillər isə bunu “masaj” xidməti adı altında həyata keçirirlər. Qeyd edək ki, bu istiqamətdə Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin tabeliyində İnsan alverinə qarşı mübarizə baş idarəsi və o cümlədən, Daxili işlər nazirliyinin digər struktur idarə və təşkilatları bu qanunsuz əməllə mübarizə aparırlar. Həmin şəxslərin aşkarlanaraq qanun qarşısında cavab verməsi üçün tədbirlər görürlər”.

Hüquqşünas qeyd edib ki, belə reklamların sosial şəbəkə hesablarından paylaşılması ilə məşğul olan şəxslər iki məqam nəzərə alınaraq məsuliyyətə cəlb olunur.

“Əgər şəxs özü birbaşa bu işlərlər məşğul olursa, o zaman həmin şəxsin əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə uyğun olaraq fahişəliklə məşğul olmağa görə 100 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq olunur. Əgər aşkarlansa ki, şəxs əslində öz profili vasitəsilə ona müraciət edən şəxsləri digər qadınlara yönəldir və digər qadınların xidmətlərindən istifadə etdirir, belə olan təqdirdə həmin şəxsin əməli Azərbaycan Respublikasının 343-cü maddəsinin təsiri altına düşür. Burada qeyd olunur ki, gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə 2500 manatdan 3500 manata qədər cərimə və ya 1 ildən 3 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Ramil Süleymanov son olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının “Reklam haqqında” qanunu sadəcə billboardlarda, televiziya və radiolarda yayımlanan reklamları əhatə edir. Lakin hazırda sosial şəbəkələrdə paylaşılan reklamların qarşısını ala biləcək hər hansısa mexanizm mövcud deyil.

 


Youtube kanalımız

Oxşar xəbərlər