Mina probleminin aradan qaldırılmasında xarici dəstəyin göstərilməsi zəruridir - XİN

Mina probleminin aradan qaldırılmasında xarici dəstəyin göstərilməsi zəruridir -  XİN
30 Apr 2024 14:55

29 aprel 2024-cü il tarixində minatəmizləmə sahəsində donor ölkələrin əlaqələndirmə formatı olan “Minatəmizləməyə Dəstək üzrə Qrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib.

Xarici İşlər Nazirliyindən News365.az-a verilən məlumata görə, iclasda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ANAMA-nın nümayəndələri Ermənistan tərəfindən ölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, mina qurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və çətinliklər, ehtiyac duyulan xarici yardımlar və mina problemi sahəsində Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında toplantı iştirakçılarını məlumatlandırıblar.

Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən mina probleminin tezliklə aradan qaldırılmasına lazımi ölçüdə xarici dəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb. Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh və barışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb.

Tədbirdə ölkəmizdəki mina probleminin bu və ya digər aspektləri haqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərin həlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.


Youtube kanalımız

Oxşar xəbərlər