Sumqayıtda evlərdə çatlar yarandığı deyilir - Rəsmi CAVAB

Sumqayıtda evlərdə çatlar yarandığı deyilir - Rəsmi CAVAB
17:35

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində "Betonzavod" kimi tanınan ərazidə yaşayan sakinlərdən biri yaxınlıqda aparılan tikinti işlərinin evlərinə zərər vurduğunu iddia edir.

News365.az xəbər verir ki, sakin Səbuhi Həsənovun sözlərinə görə, təxminən dörd ay əvvəl ərazidə yeni obyektin inşasına start verildikdən sonra evlərdə çatlar yaranmağa başlayıb. O bildirir ki, baş verən güclü su axını nəticəsində bir neçə ev zərər görüb və ən ciddi problem onun yaşadığı evdə müşahidə olunub.

Onun sözlərinə görə, tikililər arasında məsafə artıb və divarlarda geniş çatlar əmələ gəlib.

Tikintini həyata keçirən tərəf isə bu fikirlərlə razılaşmır. Şirkət nümayəndəsi Vasif İsmayılov qeyd edir ki, obyektlə yaşayış evləri arasında kifayət qədər məsafə var və mövcud problemlərin tikinti ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, ərazi bataqlıq zonada yerləşir və bəzi evlər tikinti normalarına uyğun inşa edilmədiyi üçün bu cür problemlər yaranıb. O həmçinin bildirib ki, obyektlə evlər arasında təxminən 40 metr məsafə mövcuddur.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov isə açıqlamasında bildirib ki, qeyd olunan ünvanda tikilən qeyri-yaşayış obyektinin layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və rəsmi icazələr alınıb. Onun sözlərinə görə, tikinti prosesi normativ qaydalara uyğun şəkildə aparılır və bu prosesə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunur.

Qeyd olunan məsələ ilə bağlı əraziyə baxış zamanı fərdi yaşayış evlərində çatların əmələ gəlməsinə səbəb kimi göstərilən qeyri-yaşayış obyektinin fərdi yaşayış evlərindən uzaq məsafədə yerləşdiyindən öz təsdiqini tapmayıb./Milli.Az 


Sizin reklam burada
Sizin reklam burada