Daha bir tanker hücuma məruz qalıb

Daha bir tanker hücuma məruz qalıb
20:00

Göyərtəsində hindistanlı dənizçilərin olduğu tanker Oman sahilləri yaxınlığında hücuma məruz qalıb.

News365.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ötən ilin dekabrında "qara siyahı"ya salınan "Motor Tanker Marivex" gəmisinə hücum edildiyi bildirilir. Hindistanın "Forward Seamen's Union of India" həmkarlar ittifaqının məlumatına görə, gəmidə olan 24 hindistanlı dənizçi çətin vəziyyətdə qalıb.

CNN-in məlumatına əsasən, tankerdən göndərilən SOS siqnalında heyət üzvləri göyərtədə yanğın baş verdiyini və bunun ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində yarandığını iddia ediblər.

"Göyərtədə yanğın var, gəmi batır. ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində raket maşın şöbəsinə dəyib", - deyə telekanalın əldə etdiyi qəza siqnalında qeyd olunub.

Bildirilib ki, gəminin 24 heyət üzvünün hamısı Hindistan vətəndaşıdır. Neft tankeri Palau bayrağı altında üzür. Onun qeydiyyatdan keçmiş sahibi olan "Arihant Shipping Inc." şirkəti isə İranla əlaqəli fəaliyyətinə görə ABŞ-nin sanksiyalar siyahısına daxil edilib.

Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.


Sizin reklam burada
Sizin reklam burada