Altıağac-Xızı avtomobil yolunun bərbad vəziyyətdə olması sürücülərin ciddi narazılığına səbəb olub.
Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə yolun müxtəlif hissələrinin yararsız hala düşdüyü görünür. İddialara görə, asfalt örtüyü əhəmiyyətli dərəcədə zədələndiyindən həmin istiqamətdə hərəkət etmək sürücülər üçün çətinlik yaradır.
Şikayətçilər bildirirlər ki, yolun bəzi hissələrində örtük tamamilə dağılıb və bu da nəqliyyat vasitələri üçün təhlükə yaradır. Xüsusilə gecə saatlarında hərəkət edən sürücülər üçün risk daha böyükdür.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli problemin mövcudluğunu təsdiqləyib. O qeyd edib ki, yolun əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihə hazırlığı davam edir.
Qurum rəsmisinin sözlərinə görə, yaz aylarında yağan leysan yağışları nəticəsində ölkənin bir sıra ərazilərində sel və daşqınlar baş verib. Təbii hadisələr bir çox yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya xətlərinə və yol təsərrüfatına ciddi zərər vurub.
A.Nəcəfli qeyd edib ki, sel və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər planına uyğun olaraq, Xızı-Altıağac yolu da daxil olmaqla 25 avtomobil yolunda bərpa və yenidənqurma işləri nəzərdə tutulub.
Onun sözlərinə görə, həmin yolların əksəriyyətində artıq işlərə başlanılıb. Xızı-Altıağac avtomobil yolu üzrə isə layihələndirmə prosesi davam edir. Bununla yanaşı, yolun istifadəyə yararlı vəziyyətdə saxlanılması və hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə operativ tədbirlər görülür.///milli.az