22 iyun – 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumunun iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi gözlənilir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu meteor yağışının radiantı Çoban (Bootes) bürcündə yerləşdiyindən belə adlanır.
Qeyd edilib ki, Bakıdan baxdıqda radiant bütün gecə ərzində üfüqdən yuxarıda olur və müşahidə üçün əlverişli şərait yaradır. Bu meteor yağışının mənbəyi “7P/Pons-Winnecke” kometidir. Sözügedən komet 1819-cu ildə kəşf edilib və Günəş ətrafında təxminən 6.37 ilə bir dövr edir. Kometin orbiti boyunca qoyduğu toz və kiçik qaya hissəcikləri Yer orbitini kəsdikdə meteor yağışı yaranır.
Meteorlar Yer atmosferinə daxil olarkən təxminən 18 km/s sürətlə hərəkət edirlər. Bu sürət digər məşhur meteor yağışları ilə müqayisədə nisbətən kiçikdir. Buna görə də Bootid meteorları səmada daha yavaş hərəkət edən və uzun iz buraxan meteorlar kimi görünə bilər.