Milyarder iş adamı Elon Mask bir müddətdir üzərində işlədiyi
"sükansız avtomobil" layihəsini həyata keçirməyə hazırlaşır.
News365.az xəbər verir ki, Elon
Musk, sükanı və pedalı olmayan tam muxtar Kiberkabin istehsalına aprel ayında
başlanacağını açıqlayıb. Tamamilə proqram təminatı nəzarəti altında avtonom şəkildə
hərəkət edən bu nəqliyyat vasitəsi, Teslanın gələcəkdə məhdud
"Robotaxi" xidmətində yeganə model olacaq.
Mask sosial media platforması X vasitəsilə verdiyi
açıqlamada "Cybercab" adlı tam muxtar avtomobilinin istehsalına aprel
ayında başlayacağını açıqlayıb.
2024-cü ilin oktyabr ayında xüsusi bir tədbirdə dünyaya təqdim
edilən Cybercab modelində sükan və ya pedallar yoxdur. Nəqliyyat vasitəsi
proqram təminatı nəzarəti altında tamamilə avtonom şəkildə hərəkət edir.
Xüsusi tətbiq vasitəsilə çağırıla bilən Cybercab, sərnişinlərə
eyni tətbiq vasitəsilə iqlim nəzarəti və musiqi parametrləri kimi xüsusiyyətləri
idarə etməyə imkan verir.
Cybercab, şarj panelinə yerləşdirildikdə maqnit sahəsi
yaratmaqla enerjini ötürmək üçün simsiz və ya induktiv şarj texnologiyasından
istifadə edir. Bu, simli şarj ehtiyacını aradan qaldırır.
2025-ci ilin yayında mövcud avtomobillərlə sürücüsüz taksi
xidmətləri təklif edən "Robotaxi" layihəsini başladan Mask, Robotaxi
layihəsində yollara çıxdıqdan sonra yalnız Cybercab modelindən istifadə etməyi
hədəfləyir. Teslanın Robotaxi xidməti hazırda yalnız Texas ştatının Ostin şəhərində
mövcuddur.