İran hakimiyyəti 2026-cı ilin mart ayında baş verən iğtişaşlar zamanı hərbi obyektə hücumda ittiham olunan daha iki gəncin edam hökmünü icra edib.
Məhəmmədəmin Bigelri və Şahin Vahedpərəst bu gün — 5 aprel 2026-cı il tarixində səhər saatlarında Tehranın Qızıl-Hasar həbsxanasında asılaraq edam ediliblər.
Qanlı prosesin və ittihamların şok detalları:
İstintaqın versiyasına görə, edam edilən şəxslər mart ayındakı etirazlar zamanı strateji hərbi obyektə hücum edərək odlu silah anbarını ələ keçirməyə çalışıblar. Onlar infrastrukturun dağıdılması və qəsdən yandırma törətməkdə təqsirli biliniblər.
İranın Ali Məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətini rədd edərək, hər iki şəxs barəsində "mühəribə" (Allaha qarşı müharibə) maddəsi ilə çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.
Hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar edam edilənlərin vəkillə təmin olunmadığını və ifadələrinin ağır işgəncələr altında alındığını bildirirlər. Onların ailələri ilə son görüşünə belə icazə verilmədiyi iddia olunur.
Aprelin 4-də Əbülhəsən Müntazir və Vahid Bəni-Amerianın edamından cəmi 24 saat sonra baş verən bu hadisə, Tehran rejiminin daxili müxalifəti tamamilə susdurmaq üçün "sürətli edam" taktikasına keçdiyini sübut edir.
Analitiklər hesab edirlər ki, İranın xarici cəbhədə (ABŞ və İsraillə) yaşadığı uğursuzluqlar və itkilər fonunda daxildəki edamları artırması, xalq arasında yaranan narazılığın qarşısını qorxu yolu ilə almaq məqsədi daşıyır. Son bir həftə ərzində ölkədə edam edilən siyasi və hərbi məhbusların sayının 10-u keçdiyi bildirilir. BMT-nin İnsan Haqları Komissarlığı Tehranı edamları dərhal dayandırmağa çağırıb.