Yaxın Şərqdə
davam edən müharibənin ağır iqtisadi təsirinin azaldılması üçün Beynəlxalq
Enerji Agentliyi (BEA), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB)
arasında koordinasiya mexanizminin yaradılması barədə açıqlama verilib.
Düzdür, bu
addım beynəlxalq ictimaiyyətə bir qədər ümid verə bilər. Lakin məsələyə daha
geniş makroiqtisadi kontekstdə baxaraq bu qurumların real imkanlarının haraya qədər
uzandığını da düzgün qiymətləndirmək lazımdır.
Məsələ ilə
bağlı News365.az-a danışan iqtisadçı Eldəniz
Əmirov deyir ki, BVF təxminən 1
trilyon dollara yaxın kredit potensialı olan əsas institutlardan biridir:
“Fond
valyuta böhranı yaşayan ölkələrə maliyyəçdəstəyi verir, tövsiyələr hazırlayır,
bəzi hallarda isə struktur islahatları üçün proqramlar təqdim edir. Yəni BVF
enerji bazarlarında baş verən geosiyasi riskləri və ya müharibələrin yaratdığı
iqtisadi şokları birbaşa aradan qaldıra bilən mexanizmə malik deyil.
Dünya Bankı
Qrupu isə daha çox uzunmüddətli inkişaf layihələrinin maliyyələşdirilməsi ilə
tanınır. Bankın illik maliyyələşdirmə imkanları 10 milyardlarla dollar səviyyəsindədir
və əsas diqqət infrastruktur, enerji, kənd təsərrüfatı və sosial layihələrin dəstəklənməsinə
yönəlir. Bu institut müharibə və ya iqtisadi böhran nəticəsində zərər görmüş
ölkələrin bərpasında mühüm rol oynaya bilər, lakin qlobal enerji qiymətlərinə və
ya ticarət axınlarına birbaşa təsir göstərən alətlərə malik deyil.
Beynəlxalq
Enerji Agentliyi isə daha çox analitik və koordinasiya platforması kimi fəaliyyət
göstərir. Agentlik qlobal enerji bazarlarını təhlil edir, enerji təhlükəsizliyi
ilə bağlı məlumat və proqnozlar hazırlayır, ölkələr arasında siyasət
koordinasiyasını təşviq edir. Onun təsiri daha çox məlumat, strateji təhlil və
siyasət tövsiyələri üzərindən formalaşır.
İndi qlobal
iqtisadiyyatın ölçüsünə baxaq. Dünya iqtisadiyyatının ümumi həcmi təxminən 100
trilyon dollardan artıqdır. Bu miqyasla müqayisədə BVF, DB və BEA kimi
qurumların maliyyə və institusional imkanları xeyli məhdud görünür. Birincisi,
bu təşkilatlar bütün resurslarını eyni vaxtda və tam şəkildə səfərbər edə bilən
qurumlar deyil. Onların maliyyə imkanları üzv ölkələrin töhfələri, kvotalar və
müxtəlif maliyyə mexanizmləri ilə formalaşır və bu resurslar paralel olaraq bir
çox ölkə və layihə üzrə bölüşdürülür.
İkincisi, bu
institutların qəbul etdiyi qərarlar əksər hallarda tövsiyə və maliyyə dəstəyi
xarakteri daşıyır. Onlar iqtisadi koordinasiyanı gücləndirə, böhranların təsirini
qismən yumşalda və bəzi ölkələrə maliyyə dəstəyi təqdim edə bilirlər. Lakin
qlobal miqyasda enerji qiymətlərinin formalaşması, ticarət axınlarının dəyişməsi
və ya müharibələrin iqtisadi nəticələrinin müəyyənləşməsi kimi proseslər təkcə
maliyyə alətləri ilə həll olunan məsələlər deyil. Bu qərarların mühüm hissəsi
siyasi, təhlükəsizlik və hərbi faktorlarla müəyyən olunur və əsas söz sahibi
yenə də böyük iqtisadi və geosiyasi gücə malik ayrı-ayrı dövlətlərdir, qurumlar
yox.
Əlqərəz,
planetin böyük güclərindən birinin və ya bir neçəsinin verdiyi qərar və atdığı
addım 10 beynəlxalq təşkilatın verdiyi qərardan daha təsirli və dağıdıcıdır.
Odur ki, Yaxın Şərqdəki münaqişənin mənfi təsirlərinin aradan qaldırılmasını
hansısa beynəlxalq təşkilatdan və təşkilatlardan gözləmək sadəlövhlükdür”.
News365.az