Xəbər
verdiyimiz kimi aprelin 1-dən etibarən elektron siqaretdən istifadə edənlər cərimələnirlər.
Bu qərar
ictimaiyyət tərəfindən təqdir edilsə də bəzi məqamlar anlaşılmır.
News365.az xəbər verir
ki, bəzi anlaşılmazlıqlarla bağlı “Azad İstehlakçılar “İctimai Birliyi (AİİB)
elektron siqaret qadağası ilə bağlı bəyanat yayıb.
Bəyanatda
deyilir:
“Ölkəmizdə
08.06.2001-ci ildə “Tütün və tütün məmulatları
haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul olunmuş, bu müddət ərzində tütündən istifadənin daha da məhdudlaşdırılması
üçün Qanunda bir neçə dəfə dəyişiklik aparılmış və son dəyişiklik 2026-cı ilin
1 fevral tarixində olmuşdur.
Qanunda olan
son dəyişikliyə görə 2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin
idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi
qadağan edilib. Qeyd etdiyimiz kimi bununla bağlı "Tütün və tütün məmulatı
haqqında" qanuna müvafiq dəyişiklik edilmişdir. Eyni zamanda İnzibati Xətalar
Məcəlləsinə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə
elektron siqaretlərin istifadəsinə görə otuz manat məbləğində cərimə əlavə
olunmuşdur.
“Azad
İstehlakçılar” İctimai Birliyinə(AİİB) qadağanın konkret olaraq hansı məhsullara
şamil edildiyi barədə çoxsaylı müraciətlər və suallar ünvanlanır, bəzən cəriməni
tətbiq etməyə səlahiyyəti olan
qurumların da bu məsələdə yanlışlığa yol verdiyi barədə müraciətlər
olur.
AİİB ölkəmizdə
müvafiq qanun qəbul edildiyi zamandan başlayaraq istehlakçılar arasında tütündən
istifadənin azaldılmasına dair geniş maarifləndirmə işi aparmış, daha təhlükəli
filtrsiz siqaret istehsal edən 4 müəssisənin
fəaliyyətinin dayandırılmasına nail olmuş, adi və elektron siqaretlərin zərərli
olduğu barədə müntəzəm maarifləndirmə aparmışdır.
Qanunda
edilmiş son dəyişikliklə əlaqədar tütün
istifadəçisi olan istehlakçılar və qanunun icrasına nəzarəti həyata keçirən
müvafiq dövlət qurumlarının nümayəndələri
bilməlidirlər ki, qadağa yalnız elektron siqaretlərə aiddir və
qızdırılan tütün məmulatlarına şamil olunmur. Bu məhsullar qanunvericilikdə iki
ayrı kateqoriya kimi müəyyən edilib.
"Tütün
və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanuna elektron
siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə
olunmuşdur:
1.0.4-1.
qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında
istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün
tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun
tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat.
Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir.
1.0.4-2.
elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və
tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan
buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş
və müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya
olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron
siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya
onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Beləliklə,
elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına (məsələn, Terea) və
onların cihazlarına (məsələn, IQOS) şamil olunmur.
Eyni
zamanda, öncə qeyd etdiyimiz kimi AİİB-ə qızdırılan tütün məmulatlarının
"Tütün və tütün məmulatı haqqında" qanunla qadağan olunmayan yerlərdə
istifadəsinə görə polis tərəfindən cərimə olunma halları ilə bağlı da məlumatlar
daxil olur. Qeyd olunur ki, qızdırılan tütün məmulatları səhvən elektron
siqaret hesab edilir və onun istifadəçiləri cərimə olunurlar. Bununla əlaqədar
bir daha bəyan edirik ki, qızdırılan tütün məmulatlarından qanunla qadağan
olunmamış yerlərdə istifadə heç bir hüquqi məsuliyyət yaratmır”.
News365.az