Soyuq hava kimlər üçün daha təhlükəlidir? – Həkimdən xəbərdarlıq

Soyuq hava kimlər üçün daha təhlükəlidir? – Həkimdən xəbərdarlıq
13:30

Havanın temperaturunun qəfil aşağı düşməsi təkcə üşüməyə səbəb olmur. Soyuq hava orqanizmdə bir sıra fizioloji dəyişikliklər yarada, xüsusilə ürək-damar və tənəffüs sistemi ilə bağlı problemi olan insanların vəziyyətinə təsir göstərə bilər. Buna görə də mövsüm dəyişkənliyi zamanı risk qrupuna daxil olan şəxslərin daha diqqətli olması tövsiyə edilir.

News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bu barədə qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı danışıb.

Mütəxəssis bildirib ki, temperaturun kəskin dəyişməsi uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün daha çox risk yarada bilər. Onun sözlərinə görə, bu şəxslərin termorequlyasiya sistemi temperatur dəyişikliklərinə daha həssas reaksiya verir.

G.İsmayılova qeyd edib ki, soyuq havada damarların daralması arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bu isə xüsusilə ürək-damar xəstəlikləri olan insanlarda infarkt və insult riskini artıra bilər.

Terapevt soyuğun tənəffüs yollarına təsirinə də diqqət çəkib. O bildirib ki, aşağı temperatur tənəffüs yollarında spazm yarada və astma kimi xroniki tənəffüs xəstəlikləri olan şəxslərdə tutmaların, eləcə də xəstəliyin kəskinləşməsinin qarşısını almağı çətinləşdirə bilər.

Həkimin sözlərinə görə, hava dəyişiklikləri bəzi insanlarda baş və oynaq ağrılarının artmasına da səbəb olur. Payız aylarında qastrit və mədə xorası kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi də mümkündür.

Mütəxəssis xüsusilə xroniki xəstəlikləri olan şəxslərə və digər həssas qruplara mövsüm keçidlərində sağlamlıqlarına daha ciddi yanaşmağı, temperatur dəyişikliklərinə uyğun qorunma tədbirləri görməyi tövsiyə edib.


Sizin reklam burada
Sizin reklam burada