Sosial yardım alan evsiz kişi 250 min dollarlıq Ferrari sürəndə saxlanıldı

Sosial yardım alan evsiz kişi 250 min dollarlıq Ferrari sürəndə saxlanıldı
08 Mar 2026 15:30

Fransada polis təxminən 200.000 avro dəyərində qırmızı Ferrari Portofino avtomobilinin sürücüsünü sürət həddini aşdığına görə saxlayıb və onun evsiz və gəlirsiz olduğunu aşkar edib.

Hadisə Voklyuz regionunda baş verib. İdman avtomobil magistral yolda təxminən 250 km/saat sürətlə hərəkət edərkən yol patrul xidməti əməkdaşları saxlayıb.

Sənəd yoxlaması zamanı yaxşı geyinmiş sürücü hüquq-mühafizə orqanlarına rəsmi olaraq işsiz olduğunu, heç bir əmlaka sahib olmadığını və heç bir gəlir bəyannaməsi vermədiyini bildirib.

Əlavə araşdırmalar nəticəsində məlum olub ki, kişi uzun illərdir Fransanın ailə müavinətləri fondu olan Caisse d'Allocations Familialesdan (CAF) sosial yardım alırmış.

Maşının kimə məxsus olduğu soruşulduqda, o, avtomobilin anasına məxsus olduğunu bildirib. Lakin məlum olub ki, avtomobil şübhəlinin özü, anası, qardaşı və bacısı tərəfindən idarə olunan daşınmaz əmlak şirkətinə qeydiyyatdan keçib.

İstintaq müəyyən edib ki, ailə illərdir dəbdəbəli həyat tərzi sürüb - bahalı alış-verişlər edib və elit kurortlara gedib, eyni zamanda rəsmi olaraq özlərini işsiz və maliyyə cəhətdən müflis elan ediblər.

İstintaqa görə, onlar:

* qanunsuz olaraq ən azı 1,8 milyon avro sosial müavinət alıb;

* 1,6 milyon avrodan çox gəliri gizlədib;

* daşınmaz əmlak əməliyyatlarından və digər fəaliyyətlərdən əldə etdiyi gəliri bəyan etməyib.

Müxtəlif yerlərdə aparılan bir sıra axtarışlardan sonra ailə həbs edilib. Onların işinə Draqinyan məhkəməsində baxılacaq.

Təqsirləndirilən şəxslər elan edilməmiş işə qəbul, ağır cinayətlərlə bağlı çirkli pulların yuyulması, şirkət aktivlərindən sui-istifadə və sosial təminat fırıldaqçılığında ittiham olunurlar.

Qalmaqallı hadisə Fransada geniş müzakirələrə səbəb olub və sosial təminat nəzarəti məsələsini bir daha gündəmə gətirib.

Xatırladaq ki, evsiz kasıbın varlı ev və biznes sahibi olduğu ortaya çıxıb.


Sizin reklam burada
Sizin reklam burada