Mətbuat Şurasının sədri Rəşad Məcidin “Sabah” futbol klubu ilə bağlı feysbuk hesabında etdiyi paylaşım birmənalı qarşılanmayıb.
News365.az xəbər verir ki, Rəşad Məcid “Sabah”ın uğurlarının kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola biləcəyini deyib:
“Amma onların uğurlarının “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdür. “Qarabağ”ın Avropada uğurlarının yaratdığı sevinc təkcə futbolçuların əzmkar oyunuyla deyil, həm də komandanın adıyla bağlıydı. Torpaqlarımız işğal altında olanda, çıxılmazlıq, məyusluq dövründə “Qarabağ”ın uğurları həm də əzilən qürurumuzun dirçəlməsi, azacıq da olsa özünəgüvənin bərpası idi. Avropanın məşhur klublarıyla cəngə çıxan “Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi. Zəfərimizdən sonrakı illərdə oyunçularda və azarkeşlərdə əvvəlki entuziazmın azalması təbiidir. Sabah bu həyəcanı “Sabah” adlı bir komandanın yarada və yaşada biləcəyi inandırıcı görünmür”.
AFFA-nın vitse-prezidenti Balaş Qasımovun Rəşad Məcidin bu paylaşımına yazdığı şərh də maraqla qarşılanıb:
“Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” olsun? O zaman həm hisslər yerində olar, həm də siyasət”.
Qeyd edək ki, Rəşad Məcid “Qarabağ”a azarkeşliyi ilə, Balaş Qasımov isə “Sabah” klubuna yaxınlığı ilə tanınır.
Xatırladaq ki, ötən gün “Sabah” Azərbaycan Kubokunun yarımfinalının cavab matçında “Qarabağ”ı məğlub edərək adını finala yazdırıb. Premyer Liqada isə sona 5 tur qalmış Masazır təmsilçisi ağdamlıları 13 xal qabaqlayır./Teleqraf
