"Tourette" sindromu nevroloji və qismən genetik mənşəli xəstəlikdir. Bu sindrom əsasən iradədən asılı olmayan ani tiklərlə xarakterizə olunur.
News365.az “institutducerveau.org” saytına istinadən xəbər verir ki, bu tiklər qəfil başlayır, qısa müddət davam edir və tez-tez təkrarlanır. Xəstəlik adətən uşaqlıq dövründə, 12 yaşdan əvvəl özünü göstərir və oğlanlarda daha çox müşahidə olunur. Statistikaya görə, təxminən hər 200 nəfərdən birində bu sindroma rast gəlinir.
Əlamətlər necə özünü göstərir?
“Tourette” sindromunun əsas əlamətləri iki qrupa bölünür:
- Motor tiklər: göz qırpma, başın və çiyinlərin ani hərəkətlər
- Səs tikləri: boğaz təmizləmə, müxtəlif səslər çıxarma
Bəzi hallarda xəstələrdə sözlərin və ya qeyri-iradi ifadələrin səsləndirilməsi də müşahidə olunur. Lakin geniş yayılmış fikrin əksinə olaraq, söyüş və kobud ifadələrin işlədilməsi nadir hallarda — xəstələrin 10 faizindən azında qeydə alınır.
Səbəblər və risk faktorları
Alimlər xəstəliyin dəqiq səbəbini tam müəyyən etməsələr də, genetik faktorların və beyində dopamin balansının pozulmasının mühüm rol oynadığı vurğulanır. Xüsusilə beynin hərəkətləri tənzimləyən hissələrinin fəaliyyəti ilə əlaqə olduğu qeyd edilir.
Müalicə mümkündürmü?
“Tourette” sindromunun tam müalicəsi hələlik mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq mümkündür. Müalicə əsasən davranış terapiyası, psixoloji dəstək və dərmanlardan ibarət olur. Ağır hallarda isə cərrahi üsullar, o cümlədən beyin stimulyasiyası tətbiq edilə bilər.
Xəstəliyin gedişi necə olur?
Mütəxəssislər bildirirlər ki, bəzi xəstələrdə sindrom zamanla tamamilə yox ola bilər, digərlərində isə əlamətlər zəifləyir. Az sayda hallarda isə simptomlar uzunmüddətli və daha ağır formada qalır.
“Tourette” sindromu həyat üçün təhlükəli olmasa da, xəstələrin sosial və psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Erkən diaqnoz və düzgün dəstək isə bu təsirlərin minimuma endirilməsində mühüm rol oynayır.