Son dövrlərdə sosial şəbəkə hesablarının oğurlanması hallarında artım müşahidə olunur. Kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, istifadəçilərin şəxsi məlumatlarının qorunmaması və zəif şifrələr bu kimi halların baş verməsinə şərait yaradır.
News365.az xəbər verir ki, hesabın oğurlandığını aşkar edən istifadəçi ilk növbədə platformanın “Şifrəni unutdum” funksiyası vasitəsilə girişin bərpasına cəhd etməlidir. Əgər bu mümkün deyilsə, dərhal sosial şəbəkənin rəsmi dəstək xidmətinə müraciət edilməlidir.
Mütəxəssislərin sözlərinə görə, hesabın bərpası ilə yanaşı, eyni şifrə ilə istifadə olunan digər platformalarda da parolların dəyişdirilməsi vacibdir. Çünki hakerlər tez-tez eyni şifrəni digər xidmətlərdə də sınaqdan keçirirlər.
Bundan əlavə, iki faktorlu autentifikasiya (2FA) aktiv edilmədiyi halda, bu funksiya mütləq qoşulmalıdır. Bu, gələcəkdə hesabın yenidən ələ keçirilməsinin qarşısını almaq üçün əlavə təhlükəsizlik qatıdır.
İstifadəçilərə həmçinin tanımadıqları linklərə daxil olmamaq, şübhəli mesajlara cavab verməmək və şəxsi məlumatları paylaşmamaq tövsiyə olunur.
Mütəxəssislər qeyd edirlər ki, vaxtında atılan düzgün addımlar hesabın bərpası şansını artırır və məlumat itkisini minimuma endirir.