"Dom-2" yarışmasının iştirakçısı olmuş məşhur bloger Milena Bezborodova keçmiş sevgilisi Danil Şurikovu fırıldaqçılıq və oğurluqda ittiham edib.
News365.az xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib.
Bezborodova Şurikovla dörd il əvvəl tanış olub, oğlan ona gül göndərməyə daha sonra isə blogerlə görüşməyə başlayıb. Münasibətlərinin ilk ayında Şurikov onun Avropaya səyahətinin xərcini də ödəyib. Cütlük daha sonra birlikdə yaşamağa başlayıb.
Amma bir ay sonra qızın tanımadığı insanlar Bezborodovanın mənzilinə gələrək ondan pul tələb etməyə başlayıblar. Şurikov isə ağlayıb və aldadıldığını iddia edib. Daha sonra bloger oğlana tələb olunan məbləği vermək qərarına gəlib. Bir müddət sonra başqa insanlar da oxşar tələblərlə çıxış etməyə başlayıblar. Bu gedişat Bezborodova və Şurikovu Dubaya köçməyə vadar edib. İnfluenserin sözlərinə görə, Şurikov orada da qızı aldatmaq üçün yeni "qurbanlar" tapıb.
Bezborodova deyib ki, daha sonra onlar Moskvaya qayıdıb birlikdə mənzil kirayələyiblər. O, aylığı 420.000 rubl olan kirayə haqqını da tam ödəyib.
"O dedi ki, mən bütün pulları sənə geri qaytaracağam. Bundan əvvəl mən 180.000 rublluq mənzildə yaşayırdım. Mən heç 420.000 rublluq evdə yaşamağı planlaşdırmırdım", - keçmiş "Dom-2" iştirakçısı qeyd edib.
Bezborodovanın sözlərinə görə, Şurikov onun pulu ilə yaşayır və pulun bir hissəsini özünün piramida şəbəkəsinə və digər fırıldaqlarına yatırırmış.
İyunun 27-də Bezborodova tətil üçün Avropaya yola düşüb. Məşhur blogerin sözlərinə görə, Şurikov səfərdən əvvəl ondan 1 milyon rubl istəyib. Qadın imtina edib. Tətildən qayıdanda isə məlum olub ki, Şurikov onun bütün yığdığı pulları - 3 milyon rublu oğurlayıb. Keçmiş realiti-şou iştirakçısının sözlərinə görə, sevgilisi ona hazırda 18 milyon rubl borcludur.