Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə ünvanladığı gizli məktubun mətni üzə çıxıb.
News365.az xəbər verir ki, məktub bu gün Ermənistan hökumətinin saytında dərc olunub.
Məktub Ermənistan rəhbərliyinin illər boyu “sülh tərəfdarı” görüntüsü yaratmasına baxmayaraq, əslində prosesə maksimalist, qeyri-konstruktiv və Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən mövqedən yanaşdığını təsdiqləyir.
Sarkisyan məktubunda Qarabağdakı separatçıların danışıqların bütün mərhələlərində “tamhüquqlu tərəf” kimi tanınmasını tələb edir, 1991-ci ildə keçirilmiş separatçı “referendumun” nəticələrinin gələcək statusun əsas hüquqi bazası sayılmasını istəyir və Azərbaycanın işğal olunmuş rayonlardan çıxmasını yalnız Rusiyanın təmin edəcəyi təhlükəsizlik şərtləri ilə şərtləndirirdi.
Məktubda ən diqqətçəkən məqam isə Ermənistanın Rusiya vasitəsilə Azərbaycana təzyiq göstərilməsinə açıq çağırış etməsi, hətta Bakının tələbləri qəbul etməyəcəyi təqdirdə “Dağlıq Qarabağın müstəqilliyinin tanınması prosesinə başlamaq” barədə təklif irəli sürməsidir.
Sənəddən görünür ki, Ermənistan danışıqlarda balanslı həllə deyil, faktiki olaraq status-kvonun qorunmasına, separatçı rejimin legitimləşdirilməsinə və işğal olunmuş ərazilərin qaytarılmamasına çalışıb. Sarkisyan Rusiyanın vasitəçilik rolunu neytral mexanizm kimi deyil, Bakıya qarşı siyasi təzyiq vasitəsi kimi görməyə cəhd edir və Moskvanın bölgədə öz ağırlığından istifadə etməsini açıq şəkildə tələb edir.
Məktub həm də onu göstərir ki, Ermənistan illər boyu beynəlxalq vasitəçilərə konstruktiv tərəf kimi təqdim olunmasına baxmayaraq, real danışıqlarda sülhə yönəlmiş addımlar atmaq niyyətində olmayıb. Sənəddə Bakı tərəfindən irəli sürülən “ərazilər müqabilində sülh” formatı ən təhlükəli ssenari kimi təqdim edilir, kompromisə getmək əvəzinə Ermənistanın maksimalist mövqedən geri çəkilməyəcəyi vurğulanır.
Bu məktub Ermənistanın əvvəlki rəhbərliyinin danışıqlar prosesindəki səmimiyyəti ilə bağlı suallara nöqtə qoyur: rəsmi İrəvan illərlə regionda sabitliyə aparan yolları bağlayıb, sülh prosesini manipulyasiya edib və Rusiya faktorundan istifadə edərək Azərbaycanın legitim tələblərini neytrallaşdırmağa çalışıb.
Ortaya çıxmış sənəd göstərir ki, münaqişənin 30 ilə yaxın müddətdə uzanmasının əsas səbəblərindən biri Ermənistanın reallığa uyğun olmayan maksimalist siyasəti və sülhə deyil, status-kvonu saxlamağa hesablanmış mövqeyi olub.