Martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq.
News365.az xəbər verir ki, bu barədə informasiyanı hakim Mixeil Cincholiya yayıb.
“Hökm martın 17-də saat 11:00-da elan olunacaq”, - deyə o, RİA Novosti-yə bildirib.
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan qayıdandan sonra Gürcüstanda saxlanılıb. Oradan süd məhsulları daşıyan yük maşınında gizlənərək bərə ilə qayıdıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu Tbilisidə saxlayıblar.
Saakaşvilinin adı beş cinayət işində hallanır. Onlardan ikisində eks-prezident qiyabi olaraq altı il, ictimai mənimsəmə işi üzrə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Yeni cəzadan sonra Saakaşvili 2030-cu ilə qədər cəzasını çəkməli olacaq. Hazırda Tbilisi Şəhər Məhkəməsi ona qarşı iki işə baxır: biri 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması ilə bağlı, digəri isə sərhədi qanunsuz keçmə ilə bağlı.
Sonuncu üçün onu 3 ildən 5 ilə qədər həbs gözləyir.