Rusiyanın faşizmi və təcavüzkar siyasəti bütün dünya üçün təhlükə yaradır- TƏHLİL

Rusiyanın faşizmi və təcavüzkar siyasəti bütün dünya üçün təhlükə yaradır- TƏHLİL
09:31

Son illər Rusiya Federasiyasının xarici siyasəti beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub. Xüsusilə 2008-ci ildə Gürcüstana müdaxilə, 2014-cü ildə Krımın işğalı və 2022-ci ildə Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Rusiyanın postsovet məkanında özünü yenidən təsdiq etmək səylərini əks etdirir. Bu hadisələr təkcə region ölkələri üçün deyil, bütün dünya üçün təhlükəyə çevrilib.

TARİXİ FƏALİYYƏT: SOVET MİRASI VƏ YENİ MƏQSƏDLƏR

Soyuq Müharibədən sonra Sovet İttifaqının dağılmasından sonra Rusiya uzun müddət daxili siyasi və iqtisadi böhranlarla boğuşdu. Lakin Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Moskva itirilmiş nüfuzunu bərpa etmək üçün aqressiv xarici siyasət yürütməyə başladı. Bu siyasət “yaxın xaric” kimi müəyyən edilən keçmiş sovet ölkələri üzərində təsirini saxlamaq istəyindən irəli gəlir.

UKRAYNA NÜMUNƏSİ: İŞĞALIN AÇIQ GÖSTƏRİCİSİDİR

2014-cü ildə Krım yarımadasının işğalı beynəlxalq hüququn açıq şəkildə pozulması idi. Rusiyanın hərəkəti Ukraynanın Avropa İttifaqı və NATO ilə birləşmək səylərinə reaksiya kimi şərh edilib. 2022-ci ildə başlayan genişmiqyaslı işğal artıq təkcə regional problem deyil, qlobal təhlükəsizlik böhranı idi. Milyonlarla insan didərgin düşdü, yüz minlərlə dinc sakin həyatını itirdi və Avropa İkinci Dünya Müharibəsindən bəri görünməmiş dağıntılar yaşadı.

RUSİYANIN TAKTİKASI: HİBRİD MÜHARİBƏ VƏ PROPAQANDA

Rusiya təkcə hərbi müdaxilələrlə deyil, həm də hibrid müharibə yolu ilə öz təsirini genişləndirməyə çalışır. Kiberhücumlar, dezinformasiya, saxta xəbərlərin yayılması və enerji asılılığı Kremlin müasir müharibə alətləridir. Bu üsullar demokratik institutları zəiflədir və xalqlar arasında qütbləşməni dərinləşdirir.

AZƏRBAYCAN VƏ CƏNBİ QAFQAZ: RUSİYANIN STRATEJİ HESAPLARI

Cənubi Qafqaz regionu Rusiya üçün həmişə strateji əhəmiyyətə malik olub. Onun Ermənistanla hərbi müttəfiqliyi, Gürcüstana təzyiqləri, vaxtaşırı Azərbaycana qarşı dolayı mesajlar verməsi Moskvanın regionda öz hökmranlığını saxlamaq istəyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə 2020-ci il Qarabağ Müharibəsindən sonra regionda dəyişən dinamika Rusiyanın bu prosesdə neytral qalmadığını nümayiş etdirdi. Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan Azərbaycan sərnişin təyyarəsi Qazaxıstanın Aktau yaxınlığında Rusiya tərəfindən vurulub. Sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 38 Azərbaycan vətəndaşı həlak olub, 29-u yaralanıb. Təxminən səkkiz aya yaxındır ki, Rusiya günahkarların tutulması üçün qanuni tədbirlər görmür, insidentlə bağlı Azərbaycandan rəsmi üzr istəməyib, təyyarədə həlak olan və yaralananların ailələrinə və Azərbaycan hökumətinə təzminat ödəmir. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiyanı beynəlxalq məhkəməyə verəcək.

Bu ilin iyun ayında Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Səfərovlar ailəsinin müxtəlif ünvanlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı iki nəfər vəhşicəsinə işgəncələrə məruz qalaraq öldürülüb, 50-dən çox azərbaycanlı həbs edilib.

Rusiya mətbuatı Azərbaycana qarşı təxribatlarla məşğuldur. Rusiyanın TASS xəbər agentliyi Qarabağın Xankəndi rayonunu ermənicə “Stepanakert”, Rusiyanın dövlət televiziyası “Rossia 1” isə Qarabağı ermənicə “Artsax” adlandırıb.

Dünən Rusiya hərbçiləri Ukraynada Azərbaycanın qaz tədarükü üçün istifadə etdiyi əsas enerji infrastrukturuna aviazərbələr endirib. Hücumda istifadə edilən silahların “Geran” tipli kamikadze pilotsuz təyyarələr və qanadlı raketlər olduğu bildirilir. Hücum stansiyaya ciddi ziyan vurub və qaz təchizatının bir hissəsini kəsib. Bu infrastruktur Azərbaycan qazının Ukraynaya nəqli üçün nəzərdə tutulmuş Trans-Balkan marşrutunun bir hissəsidir. Bu marşrut Azərbaycan qazını Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə Ukraynaya nəql edir. Pilot layihəyə bir neçə həftə əvvəl start verilib və Ukrayna bu ixracı öz enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində strateji addım kimi qiymətləndirib.

Ukrayna 2025-ci ilin əvvəlindən Rusiya ilə qaz tranziti müqaviləsini uzatmayıb. Buna görə də Ukrayna qazının Avropaya ənənəvi nəqli marşrutu Moskva üçün bağlanıb. Azərbaycan qazı Qərb və Ukrayna üçün alternativ enerji mənbəyi kimi meydana çıxıb. Lakin Rusiya bu alternativi qəbul etməkdən imtina edir və sözügedən infrastruktura təzyiq göstərməklə öz mövqeyini nümayiş etdirir.

Bu vəziyyətin diqqət çəkən cəhətlərindən biri hücum zamanı dağıdılan Orlovka yanacaqdoldurma məntəqəsinin təkcə Ukrayna üçün deyil, həm də Trans-Balkan regionu üçün kritik əhəmiyyət kəsb etməsidir. Hücumun nəticələri Kiyevi və Avropanın qaz siyasətini çətin vəziyyətə sala bilər.

NƏTİCƏ: GÜC VƏ YA TƏHLÜKƏ?

Rusiyanın işğalçı siyasəti təkcə keçmiş sovet respublikalarına deyil, həm də Avropa, Yaxın Şərq və hətta Asiya-Sakit okean regionuna birbaşa təsir göstərir. Əgər beynəlxalq ictimaiyyət bu vəziyyətə qarşı vahid mövqe nümayiş etdirə bilməsə, digər regionlarda da oxşar ssenarilər qaçılmaz ola bilər. Putin kimi diktatorlar qanla qidalanır, Putin isə 21-ci əsrin Hitleridir.

YEKUN SÖZ:

XXI əsrdə dövlətlərin suverenliyinə, sərhədlərinə, xalqların iradəsinə hörmət beynəlxalq nizamın əsasını təşkil edir. Rusiyanın təcavüzkar siyasəti bu bünövrəni sarsıdır və sülhə təhlükə yaradır. Türkiyə və Azərbaycan, bütün türk dünyası, bütün dünya başa düşməlidir ki, Ukrayna ikiayaqlı canavarla müharibə aparır. Ona görə də dünya artıq susmamalı, qanunun aliliyi və insan haqlarının yanında olmalıdır.

İlkin Məmmədkərimov,  News365.az


Sizin reklam burada
Sizin reklam burada