Rusiyada seçkilər başladı

Rusiyada seçkilər başladı
10:10

Rusiyada Dövlət Dumasının IX çağırışına deputat seçkiləri üzrə üçgünlük səsvermə başlayıb.

News365.az “Kommersant”a istinadən xəbər verir ki, ilk seçki məntəqələri yerli vaxtla sentyabrın 18-də saat 08:00-da Kamçatka və Çukotkada açılıb. Bu, Moskva vaxtı ilə sentyabrın 17-si saat 23:00-a təsadüf edib.

Səsvermə sentyabrın 20-dək davam edəcək.

İlk seçki məntəqələrinin açılışına Rusiyanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova videobağlantı vasitəsilə qoşulub.

Rəsmi məlumata görə, Rusiyada 111 milyon 37 min 47 seçici qeydə alınıb. Ölkə xaricində səsvermə hüququna malik Rusiya vətəndaşlarının sayı isə 1 milyon 816 min 504 nəfərdir. 

Azərbaycanda da seçki məntəqəsi fəaliyyət göstərəcək. Rusiyanın Bakıdakı səfirliyinin Konsulluq şöbəsində 8017 saylı seçki məntəqəsi yaradılıb. Burada Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan yetkin Rusiya vətəndaşları səs verə biləcəklər. 

Rusiya Dövlət Dumasının IX çağırışına seçkilər ölkə daxilində 18, 19, 20 sentyabr tarixlərində keçiriləcək. Ümumilikdə 450 deputat seçiləcək: onların 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı dairələr üzrə müəyyənləşəcək.


Sizin reklam burada
Sizin reklam burada