Azərbaycanın suverenliyinin bərpası ilə nəticələnən antiterror əməliyyatı bu dəfə ədəbi-bədii və sənədli nəşrin mövzusuna çevrilib. Əməliyyatın gedişini, tarixi əhəmiyyətini, hərbçilərimizin qəhrəmanlığını və şəhidlərimizin həyat hekayələrini əhatə edən “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir oktyabrın 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutub. Mərasimdə ictimaiyyət nümayəndələri, qazilər, media mənsubları, eləcə də antiterror əməliyyatında şəhid olmuş 52 hərbçinin ailə üzvləri iştirak ediblər.
Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun həyata keçirdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi əsasında nəşr olunub.
Şəhidlərin xatirəsinin yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk çıxış edən kitabın baş rəyçisi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Qarabağ zəfərindən bəhs edən nəşrlərin əhəmiyyətinə toxunub. O, “23 saat 43 dəqiqə” kitabının bədii və sənədli xüsusiyyətlərini yüksək qiymətləndirərək bu istiqamətdə görülən işlərin vacibliyini vurğulayıb.
YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov isə dövlətin müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətdən danışıb. O, kitabda bu məsələyə də yer ayrıldığını qeyd edərək, şəhidlərin xatirəsinin yaşadılmasının və qazilərə dəstəyin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib.
Nəşrin müəllifi, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis kitabın məzmunu barədə məlumat verib. Onun sözlərinə görə, əsərdə antiterror əməliyyatını zəruri edən səbəblərdən başlayaraq hərbi əməliyyatın saatbasaat gedişinə, Azərbaycan Prezidentinin çıxış və müsahibələrinə, ordunun tərkibinə, xüsusi təyinatlıların və komandoların qəhrəmanlığına geniş yer ayrılıb.
Kitabda, həmçinin döyüşlərin xarakteri, istifadə olunan silah növləri, cəbhələrin təsnifatı, əsas hərbi əməliyyatlar, qarşı tərəfin kapitulyasiyası, ələ keçirilən silah-sursat, yeraltı hərbi baza və qərargahlar, müharibə cinayətlərində ittiham olunan şəxslərin həbsi, Xankəndidə Azərbaycan bayrağının ucaldılması və Yevlaxda keçirilən reinteqrasiya görüşləri əksini tapıb.
Müəllif bildirib ki, nəşrdə Xankəndidə keçirilən Zəfər paradı, antiterror əməliyyatına beynəlxalq ictimaiyyətin, dünya mediasının və hərbi ekspertlərin münasibəti, eləcə də əməliyyatdan sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlar da təhlil olunur. Əsərdə əməliyyatda iştirak etmiş səhra komandirlərinin və sıravi hərbçilərin fikirləri, xatirələri və mülahizələri də yer alıb.
Nəşrin əsas xüsusiyyətlərindən biri isə antiterror əməliyyatında şəhid olmuş 52 hərbçinin ailə üzvlərinin də kitabın hazırlanmasında iştirak etməsidir. Üç fəsildən ibarət əsərdə şəhidlərin yaxınları öz qəhrəmanlarının həyat yolunu, xatirələrini və Vətən uğrunda göstərdikləri fədakarlığı təqdim ediblər.
Təqdimat mərasimində şəhid Ruslan Lalayevin atası Akif Lalayev, Aqil Əkbərovun atası Fayəddin Əkbərov, Mikayıl Həmidlinin anası Lalə Həmidova, Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı, Elxan Nəcəfinin həyat yoldaşı Əsmayə Nəcəfi və Rəşad Hüseynovun qızı Rəşidə Hüseynova da çıxış ediblər. Onlar şəhidlərin xatirəsinin yaşadılmasına və həyat hekayələrinin bu nəşrdə əbədiləşdirilməsinə görə layihənin təşkilatçılarına, müəllifə və QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarına “23 saat 43 dəqiqə” kitabı hədiyyə olunub.
Qeyd edək ki, kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri isə Akif Şahbazovdur.