Qış yaxınlaşdıqca bazarda qiymət narahatlığı da artır. İstehlakçıları xüsusilə gündəlik tələbat mallarının nə qədər bahalaşacağı düşündürür. Mövsümi xərclərin yüksəlməsi, yerli istehsalın tələbatı tam qarşılaya bilməməsi və idxaldan asılılıq ərzaq bazarında qiymət artımı ehtimalını gücləndirən əsas amillər sırasındadır.
İqtisadçı Akif Nəsirlinin News365.az-a sözlərinə görə, soyuq aylarda məhsulların istehsalı və saxlanması daha çox xərc tələb edir. Heyvandarlıq sahəsində yem qiymətlərinin artması da ərzaq məhsullarının maya dəyərinə təsir göstərir. Bununla yanaşı, yerli istehsalın daxili tələbatı tam ödəməməsi bazarın idxaldan asılılığını artırır.
İqtisadçı dünya bazarında ərzaq məhsullarının qiymətində və daşınma xərclərində baş verən dəyişikliklərin də Azərbaycandakı qiymətlərə təsirsiz ötüşmədiyini vurğulayıb.
Un, çörək və yağ bahalaşa bilərmi?
Akif Nəsirli un və un məmulatları, çörək, şəkər və bitki yağlarının da qiymət artımı riski ilə üzləşə biləcəyini bildirib. Bununla belə, sadalanan məhsulların hamısının dekabr ayından etibarən bahalaşacağını indidən qəti şəkildə söyləmək mümkün deyil.
İqtisadçının diqqət çəkdiyi digər məqam isə ərzaq qiymətlərindəki artımın artıq təkcə mövsümi amillərlə məhdudlaşmamasıdır. Onun fikrincə, ərzaq inflyasiyası davamlı tendensiyaya çevrilir.
Akif Nəsirli Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edərək qeyd edib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,9 faiz bahalaşıb.
İqtisadçının qənaətinə görə, mövcud tendensiya ilin sonuna qədər davam edərsə, bu, ailələrin gündəlik ərzaq alışlarına ayırdığı vəsaitin daha da artmasına səbəb ola bilər.