Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, 1979-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yunan şairi Odisseas Elitisin doğum günüdür. O, 1911-ci il noyabrın 2-də anadan olub. Yaradıcılığında azadlıq, insanın mənəvi dünyası, doğma torpağa sevgi və müharibənin gətirdiyi faciələrə geniş yer verən şair 1996-cı il martın 18-də vəfat edib.
Təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında şairin həyat və yaradıcılığı ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunur ki, Elitis 1979-cu ildə “yunan ənənələrinə söykənərək, canlı, emosional güc və sirayətedici ruhla müasir insanın azadlıq və yaradıcılıq uğrunda mübarizəsini əks etdirən poeziyasına görə” Nobel mükafatına layiq görülüb.
Şairin ən məşhur əsərlərindən biri olan “Ləyaqət haqqında” poeması dünyanın yaranışı, müharibənin dəhşətləri, doğma torpağa bağlılıq, insan əzabları və mənəvi mübarizə kimi mövzuları əhatə edir. Əsərdə dini və fəlsəfi simvollar xüsusi yer tutur. Poemanın epiqrafı Bibliyanın 128-ci Psalmından götürülüb: “Məni öz gəncliyimdən çox qovdular, amma mənə qalib gələ bilmədilər”.
1960-cı ildə nəşr olunan poema elə həmin il dövlət mükafatına layiq görülüb. 1964-cü ildə isə məşhur yunan bəstəkarı Mikis Teodorakis əsərə musiqi bəstələyib. Bu əməkdaşlıq həm poemanın, həm də musiqi əsərinin geniş şöhrət qazanmasına səbəb olub.
Elitisin yaradıcılığında 1978-ci ildə çap olunan “Mariya Nefeli” poeması da xüsusi yer tutur. Əsərdə şair gənc nəslin düşüncələrinə, cəmiyyətə münasibətinə və azadlıq axtarışlarına müraciət edir. O, xüsusilə 1967-1974-cü illərdə Yunanıstanda hökm sürən “Qara polkovniklər” hərbi xuntasının dövründə gənclərin yaşadığı problemləri və Afinadakı Politexnik Universitetinin tələbə hərəkatını poetik müstəvidə əks etdirir.
Şairin həyatının diqqətçəkən məqamlarından biri də mükafatlara və fəxri adlara münasibəti olub. O, ömrü boyu şöhrət və yüksək vəzifələrdən uzaq durmağa çalışıb. Hərbi xunta dövründə ona bir milyon drahm məbləğində mükafat təqdim etmək istəsələr də, Elitis bundan yayınaraq gizlənib. Demokratiya bərpa olunduqdan sonra parlamentə namizədliyini irəli sürmək təklifini də qəbul etməyib. 1977-ci ildə akademik olmaqdan imtina edən şair mövqeyini belə ifadə edib:
“Poeziya elə bir missiyadır ki, onun mükafatlara ehtiyacı yoxdur”.
Odisseas Elitis 1996-cı il martın 18-də vəfat edib. Ölümündən əvvəl dəfn mərasiminin sakit, təntənəsiz keçirilməsini, çıxışlar edilməməsini və yalnız yaxın dostlarının toplaşaraq onu yad etməsini vəsiyyət edib. Yunanıstan xalqı onun bu istəyinə hörmətlə yanaşıb.
Lakin şairin ölümündən üç ay sonra Olimpiyada onun “Ləyaqət haqqında” oratoriyası səsləndirilib. Əsərin dirijoru Mikis Teodorakis olub. Tədbir böyük izdihamla qarşılanıb, mərasim televiziya vasitəsilə canlı yayımlanıb və ölkənin diqqətini özünə cəlb edib.
Elitisin yaradıcılığı bu gün də dünya ədəbiyyatının qiymətli irsi kimi yaşayır. Onun poeziyası azadlıq, insan ləyaqəti və doğma torpağa sevginin bədii ifadəsi olaraq yeni nəsillərə çatdırılır.
News365.az