Hörmüz boğazında ABŞ-nin əsas hədəfi nədir?

Hörmüz boğazında ABŞ-nin əsas hədəfi nədir?
14:31

Hörmüz boğazında gərginlik artıq yalnız İranla ABŞ arasındakı hərbi qarşıdurma çərçivəsində qiymətləndirilmir. Dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi bu strateji marşrutda təhlükəsizliyin pozulması enerji bazarlarına, Vaşinqtonun regional siyasətinə və müttəfiqlərin müdafiəsinə birbaşa təsir göstərir. ABŞ-nin İranın hərbi obyektlərinə qarşı əməliyyatları da məhz bu amillərin fonunda diqqət çəkir.

Politoloq Çingiz Şahbazi hesab edir ki, Vaşinqtonun hərbi addımlarının arxasında eyni vaxtda bir neçə məqsəd dayanır. Bunlara enerji daşımalarının təhlükəsizliyini təmin etmək, İsrail və Körfəz ölkələrinin müdafiəsini gücləndirmək, eləcə də ABŞ daxilində hərbi-siyasi güc nümayiş etdirmək daxildir.

Onun sözlərinə görə, Hörmüz boğazında ABŞ-nin həyata keçirdiyi əməliyyatları yalnız hərbi cavab kimi dəyərləndirmək düzgün olmaz. Burada əsas məsələ həm də Vaşinqtonun Tehrana hansı mesajı verməsi və İranın bundan sonra necə davranacağıdır.

Politoloq Qeşm adasındakı raket buraxılış qurğularının və Bəndər-e-Caskdakı hərbi dəniz obyektinin vurulması ilə bağlı məlumatların CENTCOM tərəfindən təsdiqləndiyini xatırladıb. Onun qənaətincə, əməliyyatların İranın Hörmüz boğazında gəmilərə hücumları ilə əlaqəli olması ehtimalı yüksəkdir. Bu hadisələr Tramp administrasiyasına ciddi təzyiq yaradır.

Hörmüzdəki gərginlik neft bazarına necə təsir edir?

Çingiz Şahbazi bildirib ki, son hücumlar nəticəsində boğazdan keçən neftin həcmi əhəmiyyətli dərəcədə azalıb. Onun təqdim etdiyi rəqəmlərə əsasən, sentyabrın sonlarında Hörmüz boğazından gündəlik təxminən 16 milyon barel neft daşındığı halda, oktyabrda bu göstərici yarıbayarı azalıb. Nəticədə dünya bazarında neftin qiymətində yüksəliş müşahidə olunub.

Politoloq qeyd edib ki, İranın boğaz üzərində əvvəlki təsir imkanları zəifləsə də, Tehran gəmiçilik üçün riskləri artırmaqla qlobal enerji bazarlarına təsir göstərmək imkanını saxlayır.

Onun fikrincə, Qeşm və Cask istiqamətlərindəki hərbi zərbələr İranın dəniz daşımalarına müdaxilə imkanlarını məhdudlaşdırmağa yönəlmiş addımlar kimi də nəzərdən keçirilməlidir. Bu əməliyyatlar, eyni zamanda, İsrailin və Körfəz ölkələrinin təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyət daşıyır.

Şahbazi hesab edir ki, Vaşinqton bu addımlarla regiondakı hərbi mövcudluğunu və müttəfiqlərini qorumaq əzmini nümayiş etdirir. ABŞ daxilində seçkiqabağı siyasi mühitin də hərbi güc nümayişinə təsirini istisna etməyən politoloq yaxın dövrdə əməliyyatların davam edə biləcəyini düşünür.

Onun qənaətinə görə, ABŞ xüsusilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini qorumaq və müttəfiqlərinin müdafiəsini təmin etmək məqsədilə hərbi fəaliyyətini davam etdirəcək.


Sizin reklam burada
Sizin reklam burada