"Rusiyada çalışan azərbaycanlıların göndərdiyi pullar ölkə iqtisadiyyatına nəfəs verir" - İqtisadçı

"Rusiyada çalışan azərbaycanlıların göndərdiyi pullar ölkə iqtisadiyyatına nəfəs verir" - İqtisadçı
10:48

"Bu yardımlar ailələrin ehtiyaclarını qarşılamaqla yanaşı, regionlarda iqtisadi aktivliyin qorunmasına və ailələrin alıcılıq qabiliyyətinin saxlanmasına səbəb olur".

İqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi pul vəsaitlərinin həm ailələrin rifahına, həm də Azərbaycan iqtisadiyyatına ciddi müsbət təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, Rusiyada çalışan həm əmək miqrantları, həm də Rusiya vətəndaşı olan soydaşlarımız Azərbaycandakı yaxınlarına və ailələrinə davamlı olaraq maliyyə dəstəyi göstərirlər.

Xalid Kərimli konkret statistikalara da toxunub. Onun sözlərinə görə, 2023-cü ilin birinci rübündə xaricdən Azərbaycana ümumilikdə 294 milyon dollar pul göndərilib, bunun 229 milyon dolları (yəni 78%-i) Rusiyanın payına düşüb. 2024-cü ilin birinci rübündə isə bu rəqəm 155 milyon dollara düşüb, onun 86 milyon dolları Rusiyadan daxil olub. Bu isə ümumi məbləğin 56%-ni təşkil edir.

İqtisadçının təqdim etdiyi illik statistikaya əsasən:

  • 2023-cü ildə Azərbaycana ümumilikdə 1 milyard 655 milyon dollar pul göndərilib. Bunun 1 milyard 83 milyon dolları Rusiyadan gəlib ki, bu da təxminən 65,5% edir.

  • 2024-cü ildə (hazırkı dövrə qədər) bu rəqəm 1 milyard 48 milyon dollar təşkil edib, bunun 497 milyon dolları Rusiyadan göndərilib. Bu isə 47,4%-ə bərabərdir.

Xalid Kərimli hesab edir ki, bu vəsaitlərin azalmasına baxmayaraq, Rusiyada yaşayan azərbaycanlıların göndərdiyi pullar hələ də ölkənin iqtisadi və sosial həyatında mühüm rol oynayır: "Bu dəstək, eyni zamanda, Azərbaycanda əmək bazarındakı gərginliyin qarşısını alır. Əgər həmin şəxslər ölkəyə qayıdıb iş axtarsaydılar, bu, həm işsizliyin artmasına, həm də maaşların artım tempinin dayanmasına səbəb olardı".

O əlavə edib ki, işsizlik yalnız iqtisadi yox, sosial və psixoloji fəsadlara da yol açır: "İşsiz insan daha agresiv olur, cinayətkarlıq və digər sosial problemlər artır".

Xalid Kərimli Rusiyada baş verən son hadisələrə baxmayaraq, oradakı azərbaycanlıların kütləvi şəkildə deportasiya ediləcəyini ehtimal etmədiyini də bildirib: "Hazırkı şəraitdə hər cür ssenari mümkün görünür, amma mən düşünmürəm ki, bu proses deportasiyalara gətirib çıxaracaq".


Sizin reklam burada
Sizin reklam burada