Reyhan: Təbii Şəfa Mənbəyi və Sağlamlığın Yaşıl Sirri

Reyhan: Təbii Şəfa Mənbəyi və Sağlamlığın Yaşıl Sirri
09:55

Reyhan əsrlərdir həm müalicəvi, həm də qida məqsədilə istifadə olunan qiymətli bitkilərdən biri hesab olunur.

News365.az-ın məlumatına görə, bu bitki 2500 ildən artıqdır ki, Yaxın Şərq və Aralıq dənizi bölgəsində becərilir və müxtəlif sahələrdə tətbiq edilir.

Əslən Hindistandan olan reyhan özünəməxsus acı və kəskin dadı ilə seçilir. O, yalnız mətbəxdə deyil, eyni zamanda tibb və ətriyyat sənayesində də geniş istifadə olunur.

Reyhanın əsas üstünlüklərindən biri onun antibakterial təsiridir. Bu xüsusiyyət sayəsində dəri problemlərinin, xüsusilə sızanaqların yaranmasının qarşısını almağa kömək edir və dərini daha sağlam göstərir. Bitki həmçinin tərləməni azaldır, xoşagəlməz qoxuları aradan qaldırır və güclü ətri ilə həşəratları uzaqlaşdırır.

Sakitləşdirici təsirə malik olan reyhan sinir sisteminə müsbət təsir göstərir, mədə problemlərini yüngülləşdirir və revmatizm, ürək döyüntüsü kimi narahatlıqlarda istifadə olunur. O, immun sistemini gücləndirir, həzmi yaxşılaşdırır və bədəni infeksiyalara qarşı daha davamlı edir. Eyni zamanda A vitamini ilə zəngin olduğu üçün göz sağlamlığına da faydalıdır.

Araşdırmalar göstərir ki, reyhanın bəzi qoruyucu xüsusiyyətləri var və o, hüceyrələrin zədələnməsinin qarşısını almaqda rol oynaya bilər. Bitki stressi azaltmaq, miqreni yüngülləşdirmək və ümumi psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından da faydalı sayılır.

Ürək-damar sistemi üçün də reyhanın əhəmiyyəti böyükdür. O, qan dövranını yaxşılaşdırır, xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir və yorğunluq hissini azaldır. Bundan əlavə, ağız sağlamlığında istifadə edilərək yaraların sağalmasına və ağız qoxusunun aradan qaldırılmasına dəstək verir.

Reyhan süd verən analarda südün artmasına kömək edə bilər, həmçinin qaraciyər və böyrəklərin fəaliyyətini dəstəkləyir. Öskürək, hətta arı sancması kimi hallarda da istifadə olunduğu bilinir. Reyhan çayı isə bəzən çəkiyə nəzarətdə köməkçi vasitə kimi istifadə edilir.

Bununla belə, mütəxəssislər reyhanın həddindən artıq istifadəsinin zərərli ola biləcəyini vurğulayır. Xüsusilə qaraciyər və böyrəklərə mənfi təsir göstərməməsi üçün ölçülü istifadə etmək vacibdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada