Rəqabət Məcəlləsinin qüvvəyə minməsi nəyi dəyişəcək? - Eyyub Hüseynovdan AÇIQLAMA

Rəqabət Məcəlləsinin qüvvəyə minməsi nəyi dəyişəcək? -  Eyyub Hüseynovdan AÇIQLAMA
02 İyl 2024 15:31

“Nəhayət ki, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə mindi.Nəzərə  alaq ki, Rəqabət Məcəlləsi 15 ilə yaxın idi ki, Milli Məclisin müzakirəsində idi. Hər dəfə müxtəlif səbəblər üzündən qanunun qəbulu ləngidilirdi. Nəhayət, Məcəllə qəbul edildi və Ölkə Başçısının sərəncamına əsasən qüvvəyə mindi”.

Bunu News365.az-a müsahibəsində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, dövlətimizin başçısı dəfələrlə bildirib ki, ölkədə inhisarçılıq, kartel sövdələşməsi var:

“Bu doğrudan da belədir. Bax, həmin inhisarçılar Rəqabət Məcəlləsinin 14 ildən artıq qəbuluna əngəl oldu. Nəhayət ki, Məcəllə qəbul edilib. Kartel sövdələşməsinin qarşısını alan, azad bazar münasibətlərinin inkişafına dəstək göstərməli olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu və digər səbəblərdən də bir iş görə bilmirdi. Ümid edək ki, Məcəllənin qəbulundan sonra Dövlət Xidməti nəhayət ki, hərəkətə keçəcək.

Çox qəribədir ki, Azərbaycandakı tədarükçü şirkətlər dünya bazarında qiymətlərin qalxmasına anındaca reaksiya verir. Ancaq qiymətlər düşəndə susurlar. Gizlətmək lazım deyil ki, bu günə kimi daxili bazarda bir çox məhsulların qiyməti müəyyən qruplar tərəfindən idarə edilib. İnanmaq istərdik ki, yeni qanunun qəbulundan sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Bazarda sağlam rəqabət mühiti formalaşacaq”.

Müsahibimiz onu da qeyd etdi ki, Məcəllə Milli Məclisin panel iclasında müzakirə ediləndə mən bildirdim ki, bu vaxtadək bazarda 35 faizədək payı olan şirkət inhisarçı sayılır:

“Amma yeni layihədə bu pay 50 faizə qaldırılıb. Bu da düzgün deyil. Çox təəssüf ki, mənim təklifim eşidilmədi. Yeni Məcəllədə bazarda 50 faiz payı olan subyekt inhisarçı hesab olunur. 50 faizlik həddi keçməmək üçün inhisarçılar bir neçə şirkət adından çıxış edir. Beləcə də bazardakı paylar formal olaraq aşağı düşür. Nəticədə qanunvericiliklə mübarizə üçün əsas qalmır. Bu da çox narahat edici məqamdır.

Məsələn, mən bu yaxınlarda Birliyin adından 5 dövlət qurumuna müraciət etdim ki, xaricdən estetik aparatları yalnız bir şirkət gətirir. Amma sənədləşmədə başqa-başqa adlar qeyd olunur. Amma bütün şirkətlərin hüquqi ünvanı eynidir. Bu da haqsız rəqabət yaradır. Müraciətimə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən başqa digər qurumlar cavab verib”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər