Rəsmi rəqəmlər bölgələrdə sosial-iqtisadi uçurumun dərinləşdiyini bir daha göstərir. Dövlət Statistika Komitəsinin (DSK) 2025-ci ilin ilk yarısına dair hesabatına əsasən, minlərlə insan iş və dolanışıq umuduyla rayonlardan paytaxta üz tutur. Cəmi altı ayda 20 mindən çox insanın Bakıya köçməsi son illərin rekord göstəricisi sayılır.
News365.az-ın məlumatına görə, bir çox bölgələrdə iqtisadi həyat faktiki olaraq dayanıb. Yeni iş yerlərinin böyük əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasına cəmləşdiyi halda, regionlarda işsizlik səviyyəsi artır.
Məsələn, 2025-ci ilin ilk yarısında Kəngərli və Ordubad rayonlarında bir dənə də yeni iş yeri yaradılmayıb. Sədərək və Culfa rayonlarında cəmi 1, Babəkdə isə 2 yeni iş yeri açılıb. Xızı (7), Daşkəsən (8), Şahbuz, Ucar və Zəngilan (hərəsində 11) kimi rayonlarda da vəziyyət oxşardır – iqtisadi aktivlik minimum səviyyədədir.
İlin ikinci yarısında mənzərə daha da pisləşib. Sədərək də “sıfır göstəricili” rayonlara qoşulub. Həmin dövrdə Şuşa, Naftalan, Daşkəsən, Xızı, Babək və Culfa kimi bölgələrdə cəmi bir iş yeri, Masallıda isə beş iş yeri açılıb.
Ekspertlər bildirirlər ki, sənaye müəssisələrinin çatışmazlığı, kənd təsərrüfatında zəif təşkilatlanma və dövlət sifarişli istehsal proqramlarının azalması regionlarda işsizlik problemini daha da dərinləşdirib.
Mütəxəssislərin fikrincə, bu vəziyyətin davam etməsi kütləvi miqrasiyanı gücləndirir və rayonlarda sosial həyatın tam dayanması riskini artırır. Rəsmi statistika yalnız qeydiyyata alınan iş yerlərini əks etdirdiyindən, real vəziyyət rəqəmlərdə görünəndən daha ağırdır.
İqtisadçılar hökuməti bölgələrdə yerli istehsalın, sənayeləşmənin və kənd təsərrüfatı layihələrinin bərpasına yönəlik təcili proqramlar hazırlamağa çağırırlar.
İqtisadçı Xalid Kərimli News365.az- a açıqlamasında ölkədə yeni iş yerlərinin yaradılması ilə yanaşı, bir çox müəssisələrin bağlandığını bildirib. O qeyd edib ki, bazar balansının qorunması vacibdir, çünki bağlanan iş yerləri açılanlardan çoxdursa, sosial-iqtisadi problemlər qaçılmaz olur. Kərimli əlavə edib ki, yeni açılan iş yerlərində maaşların aşağı olması əhalinin maddi vəziyyətinə təsir edir. Qeyri-neft sektorunun hələ də tam inkişaf etmədiyini vurğulayan ekspert bildirib ki, bu səbəbdən insanlar kütləvi şəkildə Bakı və hətta Rusiyaya köçürlər.
Ekspert Naxçıvanın vəziyyətinə də diqqət çəkib. O bildirib ki, muxtar respublika faktiki blokadadadır, investisiya və istehsal mühiti zəifdir. Zəngəzur dəhlizinin açılması müəyyən canlanma gətirə bilər, lakin indilik vəziyyət kritik olaraq qalır.
Deputat Fazil Mustafa isə iqtisadi fəallığın bərpası üçün sahibkarlıq mühitinin gücləndirilməsini vacib sayır. O bildirir ki, əlverişli kredit şərtləri, sahibkarların məhkəmə vasitəsilə qorunması, qeyri-rəsmi yoxlamaların minimuma endirilməsi və mülkiyyətin toxunulmazlığı sahibkarlığın inkişafı üçün əsas şərtlərdir. Mustafa vurğulayıb ki, dövlət təkbaşına istehsalın inkişafını təmin edə bilməz, bazar isə hər kəs üçün açıq olmalıdır. Bu mexanizmlər işləyərsə, azərbaycanlı sahibkarlar qısa zamanda iqtisadi fəallığı bərpa edə bilərlər.