“Qərbi Azərbaycan İcması AYB kimi vəsiqə paylayan quruma çevrilir”- Politoloqdan şərh

“Qərbi Azərbaycan İcması AYB kimi vəsiqə paylayan quruma çevrilir”- Politoloqdan şərh
05 İyn 2025 11:26

"Azərbaycan tarixinin dönüş nöqtələrindən biri olan Qarabağ zəfəri, uzun illərdən bəri qəlblərdə yanan qayıdış ümidi ilə birləşdi."

Politoloq Turan Rzayev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu zəfərin ardınca Qərbi Azərbaycan İcmasının yaradılması, həmin ümidi dövlət səviyyəsində siyasi gündəmə daşıyan mühüm hadisəyə çevrildi. İcmanın əsas missiyası aydındır – Ermənistan ərazisindəki tarixi yurdlarından qovulmuş soydaşlarımızın hüquqlarını qorumaq, onların dinc və mərhələli şəkildə doğma torpaqlara dönüşünü təmin etmək və bu prosesi beynəlxalq səviyyədə legitim bir məsələ kimi tanıtmaq.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu, təkcə tarixi ədalətin bərpası deyil, həm də regionda sülh və sabitlik üçün zəruri addım kimi təqdim olunur.

Bununla belə, son dövrlərdə İcma ilə bağlı ictimai müzakirələrdə müəyyən narahatlıqlar səsləndirilir. Politoloq Turan Rzayevin qeyd etdiyi kimi, qurumun strukturlaşması və üzvlük siyasəti ilə bağlı bəzi məqamlar cəmiyyətin suallarına səbəb olur.

Əsas mübahisə doğuran məsələ odur ki, İcmada Qərbi Azərbaycan kökləri olmayan şəxslərin aktiv mövqelərə gəlməsi halları müşahidə edilir. Əgər bu təşkilat konkret bir tarix, coğrafiya və faciəyə əsaslanırsa, o zaman həmin prosesi yaşamamış və ya onunla birbaşa bağlılığı olmayan şəxslərin aparıcı rollarda təmsil olunması, ideoloji dəqiqliyi zəiflədə bilər.

Bununla yanaşı, “sayca böyümək” kimi görünən strategiya, məqsədin mahiyyətini kölgədə qoya bilər. Rzayev bu prosesi Azərbaycan Yazıçılar Birliyinin zamanla formal xarakter almasına bənzədir – yəni vəsiqə paylayan, lakin nüfuzunu itirən bir struktur modeli.

İcmanın legitimliyini və təsir gücünü qorumaq üçün isə şəffaflıq, prinsiplərə sadiqlik və tarixi yaddaşa hörmət vacibdir. Təşkilat bu məsələlərdə cəmiyyətlə açıq dialoqa girərək, özünün kimləri təmsil etdiyini və hansı meyarlarla üzvlük verdiyini aydınlaşdırmalıdır.

Əks halda, Qərbi Azərbaycan İcması tədricən simvolik bir quruma çevrilə və tarixi ədalətin bərpasına deyil, bu məsələnin dumanlanmasına xidmət edə bilər."


Sizin reklam burada
Sizin reklam burada