Naxçıvanda mənşə sertifikatlarının verilməsi 10 %-dən çox artıb

Naxçıvanda mənşə sertifikatlarının verilməsi 10 %-dən çox artıb
22 İyl 2025 18:45

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 183 mənşə sertifikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.

News365.az xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib.

O, qeyd edib ki, 6 ay ərzində muxtar respublikada istehsal olunan məhsullar Gürcüstan, Rusiya, Yəmən, Türkiyə, ABŞ, Qırğızıstan və digər ölkələrə ixrac edilib. Ümumi ixrac dəyəri 5,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16 % çoxdur.

Nazir əlavə edib ki, yanvar-iyun aylarında ixrac potensialının genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ölkə daxilində və xaricdə keçirilən 11 beynəlxalq tədbirdə 45 sahibkarın iştirakı təmin olunub, 13 şirkətin məhsulları 3 beynəlxalq sərgidə nümayiş etdirilib.

Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə İqtisadiyyat Nazirliyi sahibkarlara 23 lisenziya verib: "Bu lisenziyaların 43,5 %-i əczaçılıq, 13 %-i sürətli poçt xidməti, 8,7 %-i özəl tibb sahəsinə, 34,8 %-i isə digər fəaliyyət növlərinə aiddir. Müvafiq qurumlar 4 399 icazəni reyestrdə qeydiyyata alıb və bu icazələrdən büdcəyə 103,5 min manat vəsait daxil olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə verilmiş icazələrin sayı 3 dəfə, daxilolmalar isə 85,2 % artıb".


Sizin reklam burada
Sizin reklam burada