Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?

Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?
21:20

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən keçmiş məcburi köçkünlərin layiqli yaşayışının təminatı üçün aparılan genişmiqyaslı işlərin bir istiqaməti də onların aktiv məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır.

News365.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfərinin məşğulluğu təmin edilib. Onlardan 7915 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində vakansiyalar üzrə münasib işlərlə təmin edilib. 1828 nəfər isə müxtəlif fəaliyyət sahələri üzrə fərdi məşğul şəxslərdir.

Həmçinin, 880 nəfər Nazirlik tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını qurublar. Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin Nazirliyin önəmli məşğulluq proqramlarından olan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində iş yerləri ilə təminatı da həyata keçirilir.

Qeyd edilən ərazilərdə ötən dövrdə 39 əmək yarmarkası da təşkil olunub. Bu aktiv məşğulluq tədbirlərində sakinlərə ərazidəki mövcud vakansiyalar təqdim edilməklə, onlar əmək bacarıqlarına uyğun vakansiyalar üzrə işlə təmin edilirlər.

Doğma yurdlarına köçürülən sakinlərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi üçün hazırlıq kursları da təşkil edilir. Ötən dövrdə onlardan 506 sakin bu kurslara cəlb edilib. Kursları başa vuran şəxslər yeni öyrəndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə sosial dəstək olaraq, onlara birdəfəlik müavinət (600 manat), hər il 5 gün əlavə məzuniyyət verilir, aylıq vəzifə maaşlarına əlavələr edilir.(Axar.az) 


Sizin reklam burada
Sizin reklam burada