Məşhur narkokartel lideri ABŞ-da ömürlük həbs cəzasına məhkum edildi

Məşhur narkokartel lideri ABŞ-da ömürlük həbs cəzasına məhkum edildi
20 İyl 2026 21:32

Meksikanın ən məşhur narkokartel rəhbərlərindən biri olan və  "El Mayo" ləqəbi ilə tanınan İsmayıl Zambada ABŞ məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. Hökm Zambadanın xüsusi əməliyyat nəticəsində ABŞ-yə gətirilməsindən iki il sonra çıxarılıb.

76 yaşlı Zambada  uzun illər Meksikanın ən güclü cinayətkar qruplaşması hesab edilən "Sinaloa" kartelini  idarə edib.

İstintaq materiallarına görə, 2024-cü ildə digər bir narko kartel sahibi El Çaponun oğlu Xoakin Quzman Lopes Zambadanı Şimali Meksikada gizli hava zolaqlarına baxış keçiriləcəyi bəhanəsi ilə təyyarəyə mindirib. Lakin təyyarə gözlənilmədən ABŞ-ın Texas ştatına eniş edib və Zambada burada həbs olunub.

Zambada ötən il prokurorluqla razılaşma əldə edərək narkotik qaçaqmalçılığı və cinayət əlaqəsində iştirak ittihamlarını qəbul edib. Bunun müqabilində ona ölüm cəzasının tətbiq edilməməsi barədə razılıq əldə olunub.

ABŞ-nin Nyu-York ştatının Bruklin Federal Məhkəməsinin hakimi Brayan Koqan bazar ertəsi keçirilən iclasda Zambada barəsində ömürlük həbs hökmü çıxarıb. 

El Çaponun oğlu Xoakin Quzman Lopes də 2024-cü ilin iyulunda həbs olunub və federal narkotik ittihamları üzrə təqsirini etiraf edib. Onun barəsində hökm isə hələ açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada