Xəbər verdiyimiz kimi, 2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanlarının şərtləri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlər buraxılış imtahanında müəyyən balı topladıqda bu imtahanlara buraxılacaqlar.
Bu dəyişikliyin hansı müsbət və mənfi yönləri olacaq?
Mövzu ilə bağlı News365.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2024-cü illə müqayisədə bu il buraxılış imtahanlarında 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayının 10 min nəfər artması, obyektiv olaraq V ixtisas qrupu üzrə ixtisaslara olan tələbatı və rəqabəti artırıb.
Onun sözlərinə görə, bu artım fonunda Dövlət İmtahan Mərkəzinin imtahanlar keçirildikdən sonra müsabiqə şərtini artıraraq keçid balını bəzi ixtisaslarda 60 baldan 70 və 80 bala qaldırması prinsipial və hüquqi baxımdan ciddi tənqidə məruz qalmalıdır:
"Müsabiqə şərtləri qəbul kampaniyasının əvvəlində, abituriyentlər ixtisas seçimlərinə başlamazdan əvvəl rəsmi şəkildə elan edilməlidir. Bu, həm “Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nın, həm də DİM-in özünün təsdiqlədiyi illik qəbul planı və təlimatların əsas prinsiplərindən biridir. İmtahan keçirildikdən, nəticələr elan olunduqdan sonra müsabiqə şərtinin dəyişdirilməsi abituriyentin hüququnun pozulması, qəbul prosesinin qanunvericiliyə uyğun olmayan şəkildə yönləndirilməsi və planlı şəffaflığın pozulması deməkdir. Qanunvericiliyin “təhsilə çıxışın bərabərliyi və şəffaf müsabiqə əsasında təmin olunması” prinsipinə ziddir (bax: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 5.2)".
Ekspert qeyd edib ki, bu hal xüsusilə V ixtisas qrupu üzrə idman yönümlü ixtisaslara təsir göstərib:
"Belə ki, 2024-cü ildə “Məşqçilik” üzrə ixtisaslarda keçid balı 60 idi, lakin 2025-ci ildə bu rəqəm 70 bala, “Ümumi fiziki hazırlıq”, “Kütləvi sağlamlaşdırıcı idman” və “Fiziki tərbiyə müəllimliyi” ixtisaslarında isə 80 bala qədər artırılıb. Bu dəyişiklik abituriyentlərin psixoloji və strateji hazırlığını pozur. Şagirdlər bəzən məhz bu ixtisaslara uyğun hazırlıq planlaşdırıb, əlavə qabiliyyət imtahanlarına da qatılırlar, lakin nəticədə müsabiqə meyarı sonradan dəyişdiyi üçün bu səyləri boşa çıxır".
Kamran Əsədov: Bu, ölkənin idman və fiziki tərbiyə sahəsində kadr çatışmazlığını da dərinləşdirəcək
Müsahibimizin sözlərinə görə, məsələnin ikinci tənqidə açıq tərəfi statistikadan sui-istifadə edilməsidir:
"150-dən yuxarı bal toplayanların sayının artması o demək deyil ki, bu artım bərabər şəkildə bütün ixtisas qruplarına və regionlara yayılıb. Ola bilər ki, bu artım əsasən I və IV ixtisas qruplarında toplanıb, lakin DİM bütün qruplara eyni “rəqabət artdı” yanaşması tətbiq edir. Bu isə sosial və pedaqoji ədalətsizlik yaradır. Xüsusilə rayon məktəblərində oxuyan, fiziki hazırlığı olan, lakin akademik bal toplamaqda çətinlik çəkən şagirdlərin bu qruplara daxil olması çətinləşdirilir. Yəni praktiki və fiziki qabiliyyəti olan gənclər, artıq sırf akademik bal baryerinə görə sistemdən kənarda qalırlar.
Əsədov bildirib ki, bu sahə üzrə yer alan gənclərin bir çoxu sosial həssas təbəqədən olan ailələrin övladlarıdır. Onların imtahanda 500+ bal toplaması gözlənilmir, lakin fiziki və metodik hazırlıq səviyyəsi yüksəkdir.
“Keçid balının sonradan qaldırılması həmin gəncləri təhsil sistemindən kənarlaşdırmaqla yanaşı, ölkənin idman və fiziki tərbiyə sahəsində kadr çatışmazlığını da dərinləşdirəcək",- deyə Kamran Əsədov qeyd edib.