"Xəyanət şübhələri boşanma işlərinin nəticəsinə nadir hallarda təsir edir".
Hüquqşünas Ruslan Mustafeyev News365.az-a açıqlamasında bildirib ki, son zamanlarda xəyanət şübhəsi ilə baş verən hadisələrin və boşanma işlərinin sayı kifayət qədər çoxalıb. Bir çox hallarda boşanma proseslərində tərəflər bir-birini xəyanətdə ittiham edir. Lakin bu iddiaları təqdim etmək və sübut etmək hər zaman mümkün olmur.
Bəzi hallarda qarşı tərəfi telefon mesajları, zənglər və ya digər videolarla şübhələndirmək mümkündür. Lakin məhkəmələrdə xəyanət iddiaları boşanma qərarına əhəmiyyətli təsir göstərmir. Əgər tərəf niqahın ləğvini tələb edirsə, əsaslardan asılı olmayaraq məhkəmə qərar qəbul edir.
Xəyanəti sübut edən materiallar daha çox uşaqla bağlı məsələlərdə istifadə olunur. Məhkəmə uşağın kimin yanında qalacağına qərar verərkən nadir hallarda xəyanət faktını nəzərə alır. Əgər xəyanət yalnız bir münasibətə aid olarsa, uşağın ataya verilməsinə qərar təsir etmir. Lakin qadının bir neçə şəxslə münasibətləri varsa, bu artıq onun həyat tərzinin göstəricisi kimi qiymətləndirilir və uşağın anadan alınması ehtimalı arta bilər.
Mustafeyev həmçinin qeyd edib ki, son zamanlarda kişilər tərəfindən xəyanət şübhəsi ilə bağlı qısqanclıq zəminində törədilən cinayətlərin sayı artıb. Hadisələr araşdırıldıqda bəzi hallarda qadının xəyanət etdiyi iddiaları sübut kimi göstərilir. Bəzən isə şəxslər yalnız öz fərziyyələrinə əsaslanaraq qadını xəyanətdə ittiham edirlər.
Qanunvericiliyə görə, həyat yoldaşının digər şəxslə münasibətini araşdırmaq və ya telefon vasitəsilə izləmək hüquqi müdaxilə sayılmır.
Hüquqşünas bildirib ki, şəxslər bir-birinə qarşı mənəvi məsuliyyət daşıyır və xəyanət faktları gələcəkdə münasibətlərin ləğvi və digər hüquqi addımlar üçün əsas ola bilər.