Minimum əməkhaqqının və minimum pensiyanın artırılması gələn ilin dövlət büdcəsində nəzərdə tutulmayıb.
Bu barədə iqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yalnız yaşayış minimumunun artımı ünvanlı sosial yardımın məbləğinə təsir göstərəcək:
“Yaşayış minimumunun artması yalnız ünvanlı sosial yardım alan ailələrə təsir edəcək. Hər ailə üzvü üçün təxminən 15 manat artım olacaq. Amma minimum əməkhaqqı və minimum pensiyada artım nəzərdə tutulmayıb.”
Ekspert qeyd edib ki, pensiyalarda artım yalnız indeksləşmə metodu ilə həyata keçiriləcək:
“Minimum pensiya bu il müəyyənləşdirildiyi kimi 280 manat səviyyəsində qalacaq. Minimum əməkhaqqı isə 400 manatdır. Hökumət hazırda bu məbləğlərin artırılmasına ehtiyac duymur. Amma pensiyalarda indeksasiya qaydası ilə artım olacaq.”
Xalid Kərimlinin sözlərinə görə, pensiyaların dəqiq artım faizi fevral ayında məlum olacaq:
“Pensiyalarda artım faizi fevralın əvvəlində açıqlanacaq. Həmin artım yanvar ayından qüvvəyə minəcək və fevral pensiyası yanvar artımı ilə birlikdə veriləcək. İlkin proqnozlara əsasən, bu artım 8-10 faiz civarında ola bilər.”
İqtisadçı əlavə edib ki, bu faiz göstəricisi əməkhaqqı artımı ilə müəyyənləşdirilir:
“İndeksləşmə metodu üzrə pensiya artımı bu il işləyən şəxslərin əməkhaqqı artımına uyğun hesablanır. Əməkhaqları üzrə son statistikaya əsasən, sentyabr ayına qədər 9-10 faizlik artım qeydə alınıb. Əgər bu rəqəm azalmadan qalarsa, gələn il pensiyalar da həmin səviyyədə artacaq.”
Kərimli əlavə edib ki, hökumət növbəti dəfə minimum əməkhaqqı və pensiyanın artırılmasını 2027-ci ildən etibarən planlaşdırır.