Azərbaycanda rəqəmsal manatın tətbiqi istiqamətində işlər başlanıb və bu, maliyyə sistemində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.
Mərkəzi Bankın məlumatına görə, ilkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyası işlənəcək, pilot layihə isə seçilmiş maliyyə institutları və iri şirkətlərlə birgə həyata keçiriləcək. Bu mərhələdə əməliyyatlar məhdud dövriyyə və limitlərlə aparılacaq, texniki infrastruktur və təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan keçiriləcək. Sonrakı mərhələdə isə rəqəmsal manat geniş ictimaiyyət üçün əlçatan olacaq və fiziki, həmçinin hüquqi şəxslər gündəlik əməliyyatlarında ondan istifadə edə biləcəklər.
Lakin iqtisadçılar bu təşəbbüsə müxalif mövqe sərgiləyirlər.
News365.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, rəqəmsal manatın əsas məqsədi əslində vətəndaşların maliyyə fəaliyyətinə nəzarəti asanlaşdırmaqdır. Onun sözlərinə görə, Azərbaycanda artıq nağdsız ödəniş sistemi geniş yayılıb və insanlar əsasən bank kartları vasitəsilə əməliyyat aparır:
“Rəqəmsal manatla nağdsız ödəniş arasında əslində fundamental fərq yoxdur. Nəyə görə bunun ayrıca valyuta formasına çevrilməsi lazım olduğunu anlamıram. Bu, hətta Konstitusiya dəyişikliyi tələb edir, çünki hazırda qanunvericilikdə rəqəmsal manat anlayışı yoxdur”, – deyə Natiq Cəfərli vurğulayıb.
O əlavə edib ki, ABŞ və bir sıra Avropa ölkələrində rəqəmsal valyutaların tətbiqi insanların maliyyə hərəkətlərinə nəzarət imkanını artıran mexanizm kimi qiymətləndirilir və bu, ciddi müzakirələrə səbəb olur. İqtisadçı ümid edir ki, Azərbaycanda bu təşəbbüs yaxın gələcəkdə tətbiq olunmayacaq.
News365.az