“Azərbaycan
özü Aİ-95 markalı benzinin bir hissəsini daxili tələbatı ödəmək üçün xaricdən
idxal etdiyi halda, Ermənistana 22 vaqon Aİ-95 benzini göndərir. Amma bu
klassik iqtisadi proses deyil, sülh gündəliyini möhkəmləndirən düşünülmüş
siyasi addımdır və doğru addımdır”.
Bunu Ermənistanla qurulan ticari əlaqələri News365.az-a şərh edən
iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, miqyas baxımından söhbət
böyük məbləğdən getmir:
“Bir vaqon təxminən
55–60 ton benzin deməkdir. Pula çevrildikdə 22 vaqon bir neçə milyon dollar
edir. Yəni bu, Azərbaycan iqtisadiyyatı üçün böyük pul deyil. Həm də onsuz da
bu hədiyyə deyil, satılır və pulu alınır.
Həm də əsas
məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əsasının
qoyulmasıdır və bu rolun zamanla artacağıdır. Bu isə sülhü praktik olaraq möhkəmləndirən
amildir.
Bu cür
addımlar sərhəddə sülhün davamlı olmasına, sülh müqaviləsinin imzalanmasına
xidmət edir.
Ən başlıcası
isə bu proses bir məqsədə yönəlib: Azərbaycan əsgəri bir də şəhid olmasın,
anaların ürəyi parçalanıb, gözləri qan ağlamasın”.
News365.az