Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş erməni qadın Armine Mosyan və oğlundan İrəvan metrosundakı söhbətlərinin yersiz tonuna görə üzr istəyib.
News365.az xatırladır ki, Paşinyan bir gün əvvəl metro vaqonunda həmin qadınla mübahisə etmişdi. O, qadını Qarabağdan qaçmaqda ittiham edib. Daha sonra məlum olub ki, qadın Qarabağda döyüşmüş Merujan Mosyanın qızıdır. Qalmaqallı hadisənin görüntüləri internetdə sürətlə yayılıb və bir çox vətəndaş arasında qəzəbə səbəb olub.
"Qarabağdan Ermənistana köçmüş hörmətli və əziz bir vətəndaşla qızğın söhbətə görə... lazım olduğu kimi danışmadığım üçün üzr istəyirəm. Bəzi həmkarlarımın reaksiyalarından və tənqidlərindən başa düşdüm ki, dediklərimin hamısı lazım olduğu kimi deyildi", - deyə baş nazir bildirib.
Paşinyan 2023-cü il hadisələrinə hələ də sakit reaksiya verə bilmədiyini və bunu ciddi bir səhv kimi qəbul etdiyini bildirib.
"Hörmətli xanım Mosiyan, hisslərinizə görə sizdən və oğlunuzdan üzr istəyirəm və ümid edirəm ki, görüşmək və hər şeyi sakitcə müzakirə etmək şansımız olacaq... Bilirəm ki, bu təklifi rədd edəcəksiniz və hətta bir neçə sərt söz deyəcəksiniz, amma mən bunu qəbul edirəm. Amma birdən hər şeyi sakit və emosiyasız müzakirə etməyə dəyər deyə qərara gəlsəniz, bilin ki, mən hazıram", - baş nazir bildirib.