Yaxın Şərqdə Hörmüz boğazı ətrafında yaranan gərginlik və İranın nüvə proqramı ilə bağlı müzakirələr beynəlxalq iqtisadi və siyasi gündəmdə qalmaqda davam edir. Məsələ xüsusilə enerji bazarlarına təsiri ilə diqqət çəkir.
Hərbi ekspert İlham İsmayıl News365.az-a açıqlamasında Hörmüz boğazı və İran ətrafında yaranmış vəziyyətin qlobal iqtisadiyyata ciddi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, boğaz ətrafında yaranan gərginlik müvəqqəti də olsa enerji daşımalarına təsir edir və bu, dünya neft bazarında qiymətlərin artmasına səbəb olur. Ekspert qeyd edib ki, bu kimi hallar Körfəz ölkələri ilə yanaşı, ümumi qlobal iqtisadi sistemə də zərbə vurur.
İlham İsmayıl bildirib ki, İran və ABŞ arasında aparılan danışıqlarda tərəflərin mövqeləri tez-tez dəyişir və konkret razılaşma əldə olunması çətin görünür. Onun sözlərinə görə, bəzi təkliflər artsa da, Tehran daha çox məsələlərin uzadılmasına üstünlük verir.
Ekspert əlavə edib ki, xüsusilə Hörmüz boğazı və uranın zənginləşdirilməsi kimi mövzularda qeyri-müəyyənlik qalmaqda davam edir və bu da prosesin gedişinə təsir göstərir.