ABŞ və Çin arasında mümkün yüksək səviyyəli görüş ərəfəsində beynəlxalq gündəmdə geosiyasi gərginliklər yenidən aktuallaşıb. Müzakirələrin əsas mövzularından biri kimi İran və Tayvan ətrafındakı proseslər göstərilir.
Ekspertlər hesab edirlər ki, tərəflər danışıqlara qədər mövqelərini gücləndirməyə çalışır və bu prosesdə müxtəlif regional məsələlər də dolayı şəkildə gündəmə gətirilir. Xüsusilə İran və Tayvanla bağlı vəziyyətin ABŞ–Çin münasibətlərinə təsir etdiyi bildirilir.
Politoloq Əli Mustafa ABŞ və Çin arasında gözlənilən görüş ərəfəsində tərəflərin strateji üstünlük qazanmaq uğrunda hərəkət etdiyini bildirib.

News365.az-a açıqlama verən ekspertin sözlərinə görə, Vaşinqton Çinlə danışıqlara daha güclü mövqedən başlamağa çalışır. O qeyd edib ki, bu prosesdə İran məsələsi mühüm rol oynayır və tərəflərin mövqelərinin formalaşmasına təsir göstərir.
Əli Mustafa hesab edir ki, ABŞ-ın İranla bağlı siyasətində əldə edəcəyi nəticələr Çinlə danışıqlardakı mövqeyini də müəyyən edə bilər. Eyni zamanda, Çin də regiondakı proseslərdə üstünlük qazanmağa çalışır.
Politoloqun fikrincə, tərəflər arasında rəsmi gündəmdə əsasən ticarət məsələləri müzakirə olunsa da, arxa planda Tayvan, İran və digər geosiyasi mövzuların da yer alması istisna deyil.
O əlavə edib ki, bu məsələlərin gələcəkdə qlobal güc balansına ciddi təsir göstərə biləcəyi ehtimal olunur.