Fransa-Azərbaycan münasibətləri son dövrlərdə müəyyən qədər sabitləşsə də, tərəflər arasında fikir ayrılıqları hələ də qalmaqdadır. Ekspertlər hesab edir ki, Fransada erməni diasporunun təsiri Parisin region siyasətinə təsir göstərməyə davam edir.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Fransanın zaman-zaman Azərbaycanla bağlı əsassız və qeyri-konstruktiv bəyanatlar səsləndirdiyini bildirib.

Onun sözlərinə görə, Fransa son dövrdə münasibətləri normallaşdırmağa çalışsa da, erməni diasporunun təsiri səbəbindən bu cür açıqlamalar davam edir.
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi bu bəyanatlara diplomatik yollarla sərt cavab verir və rəsmi Bakının belə məsələlərə səssiz qalması artıq mümkün deyil.
“Fransa bundan sonra hansı addımı atacaqsa, Bakı da ona uyğun şəkildə cavab verəcək. Azərbaycan əməkdaşlıq və dostluq münasibətlərinə açıqdır. Ancaq əsassız ittihamlara da adekvat reaksiya veriləcək”, – deyə Turan Rzayev vurğulayıb.