Almaniya kanslerinin İranın nüvə proqramı və Yaxın Şərqdə artan gərginliklə bağlı son bəyanatı beynəlxalq siyasi dairələrdə geniş müzakirə olunur.
Ekspertlər bu açıqlamanın Avropa və Qərb ölkələrinin mövqeyində dəyişiklik siqnalı verdiyini bildirirlər.

Politoloq Polad Mehdiyev News365.az-a açıqlamasında Almaniya kanslerinin bəyanatının bir neçə mühüm mesaj daşıdığını bildirib.
Onun sözlərinə gö rə, Almaniya uzun müddət İran məsələsində balanslı mövqe sərgiləsə də, son açıqlama daha sərt yanaşmanın ortaya çıxdığını göstərir. Politoloq qeyd edib ki, hazırkı mövqe ABŞ və İsrailin İranın nüvə proqramı ilə bağlı yanaşması ilə üst-üstə düşür.
Polad Mehdiyev bildirib ki, əsas narahatlıq İranın uranın zənginləşdirilməsi prosesini davam etdirməsi ilə bağlıdır və bu, Avropada da ciddi narahatlıq doğurur. Onun fikrincə, hazırda artıq zənginləşmənin dayandırılması deyil, ümumilikdə İranın nüvə proqramından imtina məsələsi gündəmə gətirilir.
Ekspert əlavə edib ki, İranın yalnız nüvə fəaliyyəti deyil, həm də regiondakı siyasəti və geosiyasi addımları Avropa üçün risk faktoru kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu yanaşma İranın Yaxın Şərqdə yaratdığı potensial eskalasiya və münaqişə riskləri ilə bağlıdır.
Politoloq vurğulayıb ki, üçüncü mühüm mesaj ABŞ və İran arasında davam edən qeyri-rəsmi danışıqlarla bağlıdır. O qeyd edib ki, Almaniya tərəfi bu prosesin uzadılmamasının vacibliyini önə çəkir və məsələnin daha tez həll olunmasının tərəfdarı kimi çıxış edir.