Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verən son daxili çəkişmələr və parçalanma siqnalları Türkiyə siyasi gündəminin əsas müzakirə mövzusuna çevrilib. CHP-nin keçmiş sədri Özgür Özəlin partiya ilə yollarını ayıraraq “Yeni Partiya” adı altında yeni siyasi təşkilat quracağını elan etməsi böyük rezonans doğurub.
Sözügedən addımı və CHP-nin tarixi transformasiyasını News365.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, partiya tarixində daxili fikir ayrılıqları və qopmalar ilk dəfə yaşanmır.

Politoloqun sözlərinə görə, CHP uzun illər Türkiyənin əsas siyasi aktoru olsa da, ideoloji xətt və liderlik mübarizəsi zaman-zaman ciddi böhranlara səbəb olub:
1950-ci illər: Çoxpartiyalı sistemə keçid və Demokrat Partiyanın hakimiyyətə gəlməsi ilə CHP daxilində dövlətçilik ənənələri ilə çevik siyasət arasında ilk böyük çat yarandı.
1960–1970-ci illər: Bülent Ecevitin yüksəlişi ilə "ortanın solu" ideyası formalaşdı. Lakin sosial-demokrat xəttə keçid klassik dövlətçilərin partiyadan uzaqlaşması ilə nəticələndi.
1980-ci illər: Hərbi çevrilişdən sonra bağlanan CHP-nin mirası üzərində SODEP, Xalq Partiyası və daha sonra SHP kimi fərqli təşkilatlar yarandı.
1992-ci ildən sonra: Partiya bərpa edilsə də, liderlik və seçki strategiyası ətrafında fikir ayrılıqları davam etdi.
Turan Rzayev vurğulayır ki, tarixdəki misallara baxmayaraq, Özgür Özəlin yeni partiya qurmaq gedişi tamam fərqli situasiya yaradır:
"Əvvəllər də qeyd etdiyim kimi, CHP daxilindəki böhran və Özgür Özəlin yeni partiya yaratması ən çox hakim Ədalət və İnkişaf Partiyasının (AKP) işinə yarayır. Alternativsiz olduğunu iddia edən AKP bu parçalanmanı seçki kampaniyalarında məharətlə istifadə edəcək. Hətta Kamal Kılıçdaroğlunun vaxtilə tələsik şəkildə partiya rəhbərliyinə gətirilməsi də Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi gedişlərinin nəticəsi sayıla bilər. Ərdoğan daxili siyasəti mükəmməl bilən təcrübəli siyasətçidir. Kılıçdaroğlunun imkanları bəlli idi, Özgür Özəl isə 'yeni qan' demək idi. Hakimiyyət üçün bu 'yeni nəfəsi' kəsməyin ən yaxşı yolu elə partiyanı daxildən parçalamaq idi."
Ekspertin fikrincə, yeni təşkilatın əsas müxalifət qüvvəsinə çevrilməsi üçün CHP-nin parlamentdəki 135 deputatından ən azı 68-nin Özələ qoşulması lazımdır. Siyasi kulislərdə bu rəqəmin 80-ə çatacağı iddia edilsə də, proses asan keçməyəcək:
"Türkiyədə mühafizəkar meyllərin sürətlə artdığı bir fonda, yarı gücünə düşmüş parçalanmış CHP və Özgür Özəlin nə dərəcədə effektiv olacağı böyük sual altındadır," – deyə politoloq vurğulayıb.