Nüvə proqramı danışıqları: “Atəşkəs mərhələsi davam edir”

Nüvə proqramı danışıqları: “Atəşkəs mərhələsi davam edir”
10:56

Yaxın Şərqdə gərginliyin fonunda İranın nüvə proqramı və ABŞ-la aparılan danışıqlar prosesi beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, mövcud vəziyyətdə tam sülh sazişindən danışmaq üçün hələ bir sıra əsas məsələlər üzrə razılaşmanın əldə olunması vacibdir.

Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında İranın nüvə proqramı, ABŞ ilə danışıqlar prosesi və bölgədəki atəşkəs ehtimalları ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, hazırkı mərhələdə müharibənin rəsmi şəkildə başa çatması üçün bütün əsas məsələlər üzrə razılaşmanın əldə olunması vacibdir. Politoloqun sözlərinə görə, bu proses tam yekunlaşmadan müharibənin rəsmi bitməsi barədə danışmaq tezdir:

“İndiki mərhələdə daha çox atəşkəsin qorunmasından və 30 günlük danışıqlar prosesinin başlanmasından söhbət gedə bilər. Əsas məsələlər masa üzərindədir və tərəflər arasında razılaşdırılmalıdır.”

Əlimusa İbrahimov qeyd edib ki, danışıqların əsas mövzularından biri İranın nüvə proqramıdır. O xatırladıb ki, ABŞ tərəfi xüsusilə zənginləşdirilmiş uranın taleyi və nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını prioritet məsələ kimi irəli sürüb.

Politoloqun sözlərinə görə, bu prosesdə həm ABŞ, həm də İran müəyyən addımlar atsa da, tərəflərin tam razılığa gəlməsi hələlik mümkün olmayıb:

“ABŞ nüvə proqramının dayandırılmasını və nəzarət mexanizmlərinin gücləndirilməsini istəyir. İran isə bəzi güzəştlər etsə də, nüvə obyektlərinin tam aradan qaldırılması gündəmdə deyil.”

O əlavə edib ki, mövcud vəziyyətə əsasən nüvə obyektləri saxlanılır, lakin fəaliyyətləri məhdudlaşdırılır. Bu isə tərəflər arasında gələcək danışıqlar üçün müəyyən risk və imkanlar yaradır.

Əlimusa İbrahimov sonda vurğulayıb ki, əsas məqsəd gərginliyin azaldılması və uzunmüddətli siyasi həllin tapılmasıdır.


Sizin reklam burada
Sizin reklam burada