Rusiyada aparılan son rəy sorğularına görə, əhalinin yay istirahəti üstünlüklərində kəskin dəyişiklik qeydə alınıb. İndi hər iki rusiyalıdan biri yay tətilini dəniz kurortları əvəzinə bağ evlərində keçirməyə üstünlük verir.
Bu barədə məlumatı Rusiyanın sosioloji tədqiqat mərkəzləri yayıb.
Statistikaya əsasən, rusiyalıların 66%-i bu yay daça istirahətinə üstünlük verir ki, ötən il bu göstərici 58% təşkil edirdi. Bağ evinə gedənlərin 40%-nin şəxsi torpaq sahəsi var, qalan 26%-i isə qohumlarının evinə yollanır və ya şəhər kənarında ev kirayələyir.
Bundan əlavə, rəyi soruşulanların 17%-i gələcəkdə bağ evi almağı planlaşdırır. Qalan 17% isə bu növ istirahətin onlara cəlbedici gəlmədiyini etiraf edib.
Ekspertlərin fikrincə, rusiyalıların kütləvi şəkildə dəniz kurortlarından imtina edərək bağ istirahətinə yönəlməsi təkcə iqtisadi amillərlə bağlı deyil. Bu kəskin artımın əsas səbəblərindən biri təhlükəsizlik riskləridir.
Son dövrlərdə Ukrayna ordusunun Qara dəniz sahillərinə, xüsusən Krım yarımadası, Krasnodar diyarı (Anapa, Gelencik, Soçi və Novorossiysk limanları) istiqamətində kütləvi dron və raket hücumlarını intensivləşdirməsi, həmçinin enerji infrastrukturunda yaranan qəzalar daxili turizmə ciddi zərbə vurub.
Yarımadada və dənizkənarı bölgələrdə bərə keçidlərinin dayanması, hava məkanının qapalılığı və tez-tez elan olunan hava həyəcanı fonunda Rusiya vətəndaşları ailəvi təhlükəsizliklərini qorumaq üçün daha sakit və riskdən uzaq olan şəhərkənarı bağ evlərinə üstünlük verirlər.