Novruzun Türkiyədə rəsmi dövlət bayramı kimi qeyd olunması ilə bağlı yeni təşəbbüs irəli sürülüb. Təklifin reallaşacağı təqdirdə 21 mart ölkədə qeyri-iş günlərindən birinə çevrilə bilər.
News365.az yerli mediaya istinadən xəbər verir ki, 21 martın dövlət bayramı elan edilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması artıq yekun mərhələdədir.
Layihənin Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni qanunvericilik sessiyasının başlanması ilə əlaqədar oktyabr ayında parlamentə təqdim olunması gözlənilir.
Təklif qəbul edilərsə, 21 mart Milli Bayramlar və Ümumi Bayramlar haqqında qanuna əlavə ediləcək. Bununla da Novruz Türkiyənin rəsmi dövlət bayramları sırasına daxil ediləcək.
Dəyişiklik qüvvəyə minəcəyi təqdirdə Türkiyədə dövlət bayramlarının ümumi müddəti 16,5 günə çatacaq. Yeni statusun tətbiq ediləcəyi ilk Novruzun isə 21 mart 2027-ci ildə olması gözlənilir.