ABŞ-la İran
arasında atəşkəsin elan olunması neftin qiyətinə böyük ölçüdə təsir edib. Belə
ki, bir neçə saat ərzində neft 14%-ə yaxın ucuzlaşdı. Və 94 dollara qədər eniş
etdi. Yəqin ki, yaxın günlərdə tərəflər arasında istənilən bir sənəd imzalansa,
70-80 dollar koridoruna yerləşəcək.
Mövzu ilə
bağlı fikirlərini bölüşən iqtisadçı Eldəniz Əmirov deyir ki, iki həftəlik
atəşkəsdən sonra neft dərhal aşağı düşdü:
“Amma bu
düşüş real təklif artımına görə yox, bazarın “risk əlavəsini” çıxarmasına görə
oldu. Yəni qiymətdə olan müharibə qorxusu bir qədər silindi.
Amma işin
texniki tərəfi fərqlidir. Faktiki bazarda vəziyyət hələ də gərgindir. Yaxın Şərqdə
logistika zəncirləri tam bərpa olunmayıb, sığorta xərcləri yüksək qalır, bəzi
marşrutlarda risk hələ də qiymətə daxildir. Bu faktorlar neftin kəskin
ucuzlaşmasının qarşısını saxlayır.
Digər tərəfdən,
bu atəşkəs çox qısadır. İki həftəlik razılaşma bazar üçün strateji ola bilməz.
Ona görə də böyük fondlar və treyderlər hələ mövqelərini tam dəyişmirlər, sadəcə
risklərini azaldırlar. Bu da qiymətin sərt düşüb sonra stabilləşməsinə səbəb
olur.
Hazırda ən
real ssenari budur ki, qiymətlər 90 dollar ətrafında dalğalansın. Bir qədər də
aşağı enə bilər, amma 70–80 dollarlıq zona üçün ya uzunmüddətli siyasi
razılaşma, ya da bazara əlavə böyük həcmdə neft girişi lazımdır.
Əlqərəz,
bazarlar qulaqlarını şəkləyib, diqqətlə xəbər gözləyir. Əgər atəşkəs pozularsa
və ya risk yenidən artsa, qiymətlər çox sürətlə geri qayıda bilər”.
News365.az