Rəsmi məlumata görə, bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib. Bir ədəd qızıl gülün ölkəyə çatdırılmasının orta qiyməti 2 manat 20 qəpik olub.
Yanvar ayında ən çox qızıl gül Ekvadordan gəlib – bu ölkədən 525 min ABŞ dolları dəyərində 366 min ədəd qızıl gül almışıq (ortalama qiyməti 2 manat 40 qəpik olub). İkinci yerdə Keniyadır – bu ölkədən 56 min ABŞ dolları dəyərində 45 min ədəd qəzıl gül gətirilib (ortalama qiyməti 1 manat 70 qəpik olub). Yanvar ayında Niderlanddan gələn gül sayı 4 dəfə artıb – 7100 dollar dəyərində 6300 ədəd qızıl gül gətirilib (ortala qiyməti 1 manat 91 qəpik).
İndi soruşacaqsız ki, niyə bu mövzudan yazıram, deyim də, söhbət bir tək o güllərin bazarda 2-3 dəfə baha satıldığından getmir. Belə bir xəbərlər dolaşır ki, Ekvadorda gül işinə azərbaycanlılar baxır, orada plantasiyalar, istehsal və qablaşdırma şəbəkələri qurublar – elədirsə, halal olsun, doğrudan da millətimiz bacarıqlıdır, amma, sual yarınır ki, Ekvadorda bu işi bacaran azərbaycanlı, nədən öz ölkəsində bu biznesi qura, inkişaf etdirə, pul qazana bilmir.
Dünyanın o başında gül yetişdirib, bütün xərclər daxil 2 manat 40 qəpiyə ölkəmizə gətizdirə bilirsə, deməli, burda da bu işi görə bilər.
Bir sözlə, uşaqlar var – şərait yoxdur...
Natiq Cəfərli, iqtisadçı
P.S. Həmin Ekvadordan tək yanvar ayında Rusiyaya 118 mln. ədəd müxtəlif gül-çiçək gətirilib. Bizimkilər bunu da bacarıblarsa, bir daha halal olsun...